Çini İŞİD-lə vurma planı: zəmin necə yaradılır? Siyasət

Çini İŞİD-lə vurma planı: zəmin necə yaradılır?

Son günlər uyğur türklərinə qarşı işgəncə faktları dünya mediasında və sosial şəbəkələrdə sürətlə yayılır. Təbii ki, uyğurlara qarşı basqılar yox deyil. Çin hökuməti zaman-zaman uyğur türklərinə qarşı diskriminasiya siyasəti yürüdüb. Amma bu məlumatlar heç bir zaman indiki kimi sürətlə dünya gündəmini zəbt etməyib. Görünən odur ki, bu tipli informasiyaların şişirdilərək yayılması müəyyən maraqlara xidmət edir. (hətta bəzi videolar daha çox səhnələşdirilmiş görüntülərə bənzəyir).
Xatırladaq ki, ABŞ kəşfiyyatının hələ 2012-ci ildə hazırladığı hesabata əsasən, 2030-cu ilə qədər Asiyanın iqtisadi qüdrəti ABŞ və Avropanın cəmi iqtisadi qüdrətini üstələyəcək.
Tədqiqat müəllifləri inkişaf etmiş ölkələrdə həyat səviyyəsinin enməsi və əhalinin yaşlanması kimi problemlərin ön plana çıxacağı barədə xəbərdarlıq ediblər: “Çin yəqin ki, təkbaşına 2030-cu ilə qədər ABŞ-ı keçəcək...”. Qeyd edək ki, hər il müxtəlif təşkilatların açıqladığı heabatlarda bu proqnoz təsdiq edilir.
Bütün dünyaya bəllidir ki, Çin iqtisadiyyatı sürətlə inkişaf edir. Böyük İpək Yolu layihəsinin reallaşması Çin ixracatını daha da gücləndirəcək. Bununla da dünya bazarlarına tam hakim olacaq Çin eyni zamanda geosiyasi anlamda da dominant tərəfə çevriləcək....
Təbii ki, bu da ilk növbədə Vaşinqtonun maraqlarına zərbə vurur. Ekspertlər hər nə qədər “iqtisadi göstəricilərə görə birinci olmaq hələ supergüc olmaq anlamına gəlmir” tezisi üzərində dayansalar da, çoxqütblü dünyada Çinin əsas gücə çevriləcəyini, bunun əksinə olaraq isə Amerika Birləşmiş Ştatlarının supergüc rolunu itirəcəyini və artıq bu prosesin başlanadığını düşünənlər də az deyil.
Bu səbəbdən də Çinin durdurulması lazımdır. Amma Vaşinqtonun bunu leqal, şəffaf, ədalətli rəqabət mühiti və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirməsi mümkün deyil. O zaman ənənəvi üslubla - terror aktları, yaxud daxili qarşıdurmalara rəvac verməklə Çində problemlər yaradıla bilər.
Uyğurlarla bağlı yayılan informasiyada maraqlı detallardan biri dini motivin önə çıxarılmasıdır. Yəni uyğurlara türk olduqlarına görə deyil, müsəlman olduqlarına görə işgəncə verilməsi dünya ictimaiyyətinə təlqin edilir. Bununla da Çinin “islami terror təşkilatları” tərəfindən cəzalandırılması üçün zəmin yaradılır. Bundan öncə isə dünya ictimaiyyətinin “Çinə haqq oldu” deyə düşünməsi üçün “əsaslar” lazımdır. Bu baxımdan da müsəlman uyğurlar ən uyğun faktordur. Yəni işgəncəyə məruz qalan uyğurlar müsəlman olduqlarına görə “islamçılar”ın meydana çıxması optimal variantdır.
Maraqlıdır ki, ABŞ bunu da fürsətə çevirərək Çinə sanksiya tətbiq edib.
Yaxın Şərqdə yüz minlərlə müsəlmanı qətlə yetirən ABŞ-ın bu “səbəb” dən Çinə sanksiya tətbiq etməsi gülməli deyilmi?
Başda Türkiyə olmaqla Böyük İpək Yolu layihəsində yer alan müsəlman ölkələrinin Çinə qarşı sərt mövqe ortaya qoymaması dünya ictimaiyyətindən fərqli olaraq, dövlətlərin nəyin baş verməsindən xəbərdar olması ilə bağlıdır. Buna görə də bir müddət sonra Çində terror aktlarının, qarşıdurmaların baş verməsindən, hətta İŞİD-in Çində “xortlamasından” təəccüblənməməliyik. İŞİD-in içərisində çoxsaylı uyğur türklərinin olması da artıq bu bazanın formalaşdırılması deməkdir...

Əli Zülfüqaroğlu