Namizədlərin seçiciləri hansısa yolla ələ alması yolverilməzdir Siyasət

Namizədlərin seçiciləri hansısa yolla ələ alması yolverilməzdir

30 saylı Suraxanı seçki dairəsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətlər daxil olub və araşdırılır. Bunu MSK sədri Məzahir Pənahov komissiyanın dünən keçirilən iclasında deyib. M.Pənahov bəzi namizədləri ədalətli olmağa, seçiciləri hansısa yolla ələ almamağa çağırıb: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.
MSK sədri, həmçinin bildirib ki, yerlərdə bir namizəd digər bir namizədi görəndə qrup halında ona irad tutub, sonra da bunu sosial şəbəkələrdə yayaraq mübarizə aparır: “Bu cür mübarizə yolverilməzdir. Biz istəmirik ki, belə şeyləri deyək, amma məcburuq”. Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov isə qeyd edib, deputatlığa namizədlər öz qələbələrini başqalarının məğlubiyyəti üzərində qurmamalıdır.