“Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçən Prezident İlham Əliyev...” Siyasət

“Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçən Prezident İlham Əliyev...”

İlqar Vəlizadə: “Əsaslı faktlarla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi”

“Dərin tarixi biliklər, fikirlərini səlis ingilis dilində ifadə etmək bacarığı, bədən dili ilə qarşısındakını darmadağın etmək istedadı Prezdent İlham Əliyevin ən böyük xüsusiyyətidir. Münxendə keçirilən canlı debatda bütün bu xüsusiyyətlər Paşinyanı diplomatik müstəvidə nakaout edib”. Bunu Azər Badamov deyib. Onun sözlərinə görə, Paşinyanın savadsız ifadə etdiyi və əsaslı mənbəyi olmayan fikirlərinə tarixi faktlarla və tarixin necə baş verdiyini açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması erməni baş nazirini çətin duruma salmışdı: “İrəvanın ermənilərə güzəştə getməyimizi, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barəsində qərar qəbul edilməsini cənab İlham Əliyevin ifadə etməsi ermənilərin yalanlarını bir daha üzə çıxartdı. Hətta Stepankert adının yeni bir ad olduğunu və oranın əsil tarixi adı Xankəndi olmasını ölkə başçımızın dilə gətirməsi bir daha tarixə söykənən faktlarla Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmasının təsdiqi idi. Debat zamanı ən maraqlı hissə də ondan ibarət oldu ki, Paşinyanın özü-özündən asılı olmayaraq Dağlıq Qarabağın Azərbaycanın torpağı olmasını etiraf etməsi və sonradan düzəliş etməyi çalışması idi. Xocalı soyqırımı törədənlərin ad-ba-ad məlum olduğunu, ermənilərin yalanları ilə arqumenti faktı qəzetində Ayaz Mütəllibovun adından istifadə edərək özlərinə haqq qazandırmaq cəhdlərinin ifşası ölkə başçımızın hərtərəfli bilikli olduğunun göstəricisi idi. Qısa olaraq qeyd etmək istəyirəm ki, Münxendəki debat İlham Əliyevi öz xalqını sevən, ölkənin gələcəyini düşünən, ermənilərin torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq və azad etmək gücünə malik bir lider olduğunu göstərdi və ölkənin gələcəyini sevən hər bir Azərbaycan vətəndaşında qürur hisləri yaşatdı”.
Politoloq İlqar Vəlizadə isə deyib ki, Prezident İlham Əliyev fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə qarşı tərəfin düz gözünün içinə baxaraq, onların işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında bir daha sübut etmiş oldu. O bildirib ki, Azərbaycanın ədalətli mövqeyini nümayiş etdirən dövlət başçısının inamlı və faktlara əsaslanan çıxışı Ermənistanın baş nazirini çaş-baş saldı: “Dövlətimizin başçısı etnik təmizləmədən danışarkən, xüsusilə, Xocalı soyqırımı məsələsinə toxundu. Prezident çıxışında bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ictimaiyyəti tərəfindən tanındığını diqqətə çatdırdı. Panel müzakirələrdən əvvəl Ermənistanın baş naziri suallara cavab verərkən özü də etiraf edib ki, onun ölkəsi işğalçıdır”.
İ.Vəlizadənin sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkə rəhbərinin görüşündə aydın oldu ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi tanınmasına çalışmaq və bunu Azərbaycana qəbul etdirməkdir: “Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçən Prezident İlham Əliyev əsaslı faktlarla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi. Ölkə rəhbəri münaqişənin danışıqlar yolu ilə və mərhələli şəkildə həllinin tərəfdarı olduğunu vurğuladı”.