“Ümumavropa Qarabağ mitinqinin əhəmiyyəti yüksəkdir” Siyasət

“Ümumavropa Qarabağ mitinqinin əhəmiyyəti yüksəkdir”

Elman Məmmədov: “Bu avroplalılara əsl həqiqətin çatdırılmasına xidmət edəcək”

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə fevralın 22-si saat 13:00-da Almaniyanın Berlin şəhərində Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Aksiyaya Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.
Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbul edilməsi də nəzərdə tutulur.
Millət vəkili Elman Məmmədov fevralın 22-də Berlində baş tutacaq Ümumavropa Qarabağ mitinqinin əhəmiyyətini yüksək qiymətləndirdiyini deyib: “Güman edirəm ki, Avropanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız orada iştirak edəcəklər. Yəqin ki orada yaşayan qardaş Türkiyə xalqının vətəndaşları da iştirak edəcək. Arzu olunandır ki, bizi dəstəkləyən kim varsa, hətta Avropa dövlətlərinin ədalətli mövqe ilə bu məsələyə yanaşan vətəndaşlarının da iştirak etməsi çox vacibdir və məqsədəuyğundur. Xocalı soyqırımı ilə bağlı ermənilərin dezinormasiya xarakterli müxtəlif dövrlərdə yaydığı, bu gün də o işlə məşğul olduğu Avropada bu mitinq çox böyük əks-səda verəcək. Bu mitinqdə səsləndirilən fikirlər, iştirakçıların fəaliyyəti təbii ki, avroplalılara əsl həqiqətin çatdırılmasına xidmət edəcək. Bunun təsiri çox böyük olacaq. Xocalı soyqırımının tanıdılması üçün bu addımın atılması hesab edirəm ki, alqışlanmalıdır. Burada bizim Diasporla İş üzrə Dövlət Komitəmiz də çox fəal olacaqdır. Yəqinki həmin mitinqdə Azərbaycandan da gedib iştirak edənlər olacaq. Belə tədbirlərin çox keçirilməsi, daha kütləvi olması üçün çalışmaq lazımdır ki, həmin mitinqi keçirən ölkənin KİV-ləri, qəzetləri, televiziyaları, jurnalistləri, siyasətçiləri ora cəlb olunsun. Çünki əks təqdirdə adətən biz özümüz deyib, özümüz eşidirik. Yəni mitinq təkcə azərbaycanlılardan ibarət olmamalıdır. Mən bir Xocalı sakini, soyqırıma məruz qalmış bir insan kimi o tədbirin bütün təşkilatçılarına, iştirakçılarına öncədən bütün xocalılar və öz adımdan böyük minnətdarlığımı bildirirəm”.
Siyasi şərhçi Azər Həsrət bildirib ki, Xocalı soyqırımı Azərbaycanın tarixində həqiqətən də çox dəhşətli bir hadisə kimi qeydə alınıb və ermənilərin, xüsusən də işğalçı Ermənistanın bizim xalqımıza yaşatdığı ən böyük faciələrdən biridir ki, bu faciəni heç bir halda unutmaq olmaz: “Bu günlərdə Cənab Prezident İlham Əliyev Münhendə Ermənistanın baş naziri ilə debatda da bu məsələyə toxundu və Ermənistanın baş naziri həyasızcasına iddia etdi ki, azərbaycanlılar özləri bu təxribatı törədiblər ki, erməniləri ittiham etsinlər. Təbii ki, bu ədəbsizlik idi və Cənab Prezident də samballı şəkildə, tutarlı şəkildə onun cavabını verdi. Demək istəyirəm biz istənilən platformada Xocalı soyqırımı ilə bağlı məsələləri dilə gətirməliyik, əsaslandırılmış şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Ümumavropa mitinqinin keçirilməsi əlbəttə ki, yerinə düşür və mən fürsətdən istifadə edib Azərbaycandan kənarda yaşayan bütün azərbaycanlılara səslənmək istəyirəm ki, bu tədbirdə yaxından iştirak eləsinlər və onun təşkilatçılığına dəstək versinlər. Burada müxalifət, yaxud iqtidar deyə heç kimi ayırmaq lazım deyil. Müxalifətdə olan, Azərbaycan hakimiyyətini tənqid edən adamların da bu tədbirdə olmasını arzu eliyirəm. Çünki bu bütün Azərbaycanın milli maraqlarına xidmət edən bir tədbirdir və belə bir tədbirdə heç kim mən müxalifətəm deyib, yaxasını kənara çəkməməlidir. Bu hamımızın borcumuzdur və burada siyasi cəbhə ayrımı eləmədən gedib iştirak eləmək, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq lazımdır. Mən düşünürəm ki, sağlam müxalifətçilik xəttində olanlar mütləq bizim bu çağırışımızı eşidəcəklər və əlbəttə ki, belə olacağı təqdirdə bizin azərbaycanlı olaraq həll edə bilməyəcəyimiz məsələ qalan deyil”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “bizim təşkilatlarımız bütün ölkələrdə fəal olmalıdırlar və diaspor təşkilatlarını da bir araya gətirən əsas ideyalardan biri və birincisi Qarabağın azadlığı idayasıdır” - deyə vurğulayıb: “Hər bir diaspor təşkilatı və onun üvləri Qarabağın azadlığı idayasına xidmət etməlidirlər və bu istiqamətdə Azərbaycan dövlətinin yanında olmalı, öz dəstəklərini verməlidirlər. Azərbaycan dövlətinin apardığı siyasətin uğurla nəticələnməsi üçün oz paylarını verməlidirlər və son illərdə hiss olunur ki, bu istiqamətdə diaspor təşkilatlarımız xüsusilə də Avropada xeyli fəallaşıblar. Diaspor Komitəsinin yeni rəhbəri o istiqamətdə yorulmadan fəaliyyət göstərir və biz də onu izləyirik. Bizim oradakı diaspor təşkilatları ilə əlaqələrimiz var, biz də onlarla Qarabağ məsələsi ilə əlaqədar əməkdaşlıq edirik. Mən hesab edirəm ki, bütün Avropanı əhatə edən bir mitinq olacaq. Hətta mən mətbuatdan izlədim ki, Amerikadan, digər yerlərdən də nümayəndələr bu mitinqdə iştirak edəcəklər. Avropadakı təşkilatlarla biz əlaqə saxlayırıq və şahidiyik ki, ciddi şəkildə hazırlaşırlar. Bu tədbirin əhəmiyyəti də böyükdür və vacibdir. Dünya ictimaiyyətinə, Avropa ictimaiyyətinə birmənalı şəkildə Qarabağla bağlı həqiqətlər çatdırılmalıdır və bu məsələnin bir tərəfidir.
Dövlətlər də, beynəlxalq təşkilatlar da Qarabağla bağlı həqiqətləri bilməlidir və Azərbaycanın haqlı mövqeyini başa düşməli, müdafiə etməlidirlər. Eyni zamanda bu cür mitinqlərin keçirilməsi, bu cür tədbirlərin keçirilməsi bizim Avropadakı diaspor təşkilatlarımızın, soydaşlarımızın bir araya gəlməsi, güclənməsi, vahid mövqeyi ortaya qoyması üçün çox vacibdir. Belə aksiyalarla bağlı birləşmək diaspor təşkilatımızın gücünü artırır. Ona görə də hesab edirəm ki, nəzərdə tutulan mitinq çox müsbət bir hadisədir və hesab edirəm ki, hər kəs də buna dəstək verməlidir”.