Koronavirus pandemiyası hər bir cəmiyyət üçün sınaqdır Siyasət

Koronavirus pandemiyası hər bir cəmiyyət üçün sınaqdır

Dünyanı cənginə alan koronavirus pandemiyasının qarşısını almaq üçün dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər görülsə də, hələ də bəzi insanlar bunun mahiyyətini anlamaq istəmir, həyatlarını təhlükəyə atırlar. Azərbaycan hökuməti bu istiqamətdə ciddi tənzimləyici və marifləndirici tədbirlər görməkdədir. Məqsəd bu sınaqdan az itki ilə çıxmaq və əhalimizin sağlamlığını qorumaqdır.
Milli Məclisin deputatı Anar Məmmədovun fikrincə, bu gün artıq dünyanın 203 ölkəsi koronavirus pandemiyasının təhdidi ilə üz - üzə qalıb. Mükəmməl səhiyyə sisteminə malik, ən yüksək elmi texnologiyaları olan ölkələr belə bu virusun yayılmasının qarşısını almaqda və virusla mübarizədə çətinlik çəkirlər. Virus dünyada sürətlə yayılmaqda davam etdiyindən vəziyyət ən pis ssenari üzrə inkişaf etməkdədir. Dünyanın 200-dən çox ölkəsində yayılan bu virusla mübarizə müxtəlif ölkələrdə fərqli üsullarla aparılır, sərhədlər bağlanır, dövlətlər təcrid olunur. Bu ağır vəziyyət məhz səhlənkarlığın nəticəsində hazırda geniş coğrafiyada yayılıb, insanların koronavirusu ciddiyə almaması və dövlətin qoyduğu qadağalara əməl etməməsi bu çətin vəziyyətin yaranmasına səbəb olub.

Deputat qeyd edib ki, son günlər isə Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları artır. Təbii ki bunun belə kütləvi hal almasının bir sıra səbəbləri var. İlk növbədə virusun inkubasiya dövrünün çox olması və xəstəliyin üzə çıxmasının 28 günədək çəkə bilməsidir. Eyni zamanda qeyd etmək lazımdır ki, virusun ilkin mərhələsində infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi isə həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır: “İlk gündən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb, eyni zamada ölkədə karantin rejimi elan olunub. Belə bir çətin zamanda vətəndaşlarımız hər şeydən öncə özlərinin və yaxınlarının sağlamlığını düşünməlidir.
Çünki indiki şəraitdə özümüzü təcrid etmək və ciddi karantin rejiminin tələblərinə əməl etməklə bu virusa qarşı səmərəli mübarizə apara bilərik. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin də öz çıxışında dediyi kimi " vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun ". Ona görə də zəruri ehtiyac olmadan insanlar evlərindən çıxmamalıdır. Əks halda, hər hansı məsuliyyətsiz hərəkət daha pis fəsadlara gətirib çıxara bilər. Buna görə də xoşagəlməz halların qarşısını almaq üçün qaydalara riayət etməliyik. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın dediyi kimi biz birlikdə, həmrəy olub, qaydalara riayət etməklə bu virusa qalib gələcəyik”.
Deputat vurğulayıb ki, o baxımdan həmrəy olub vətəndaş kimi üzərimizə düşən məsuliyyətimizi dərk edib, təkcə özümüzün deyil, eyni zamanda ətrafımızdakı insanların da sağlamlığını və təhlükəsizliyini düşünməliyik. Buna görə də hər kəsi mütləq şəkildə evdə qalıb, bütün tələblərə riayət etməyə çağırır, dövlətimizin apardığı böyük işlərə dəstək olmağa səsləyirəm. Çünki bu virus hər bir cəmiyyət üçün bir sınaqdır və biz bu sınaqdan alnıaçıq çıxmalıyıq.
Digər deputat Ceyhun Məmmədov da əhalinin xüsusi karantin rejiminin tələblərinə riayət etməyə və evdə qalmağa səsləyib: «Vəziyyətin təhlili ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının artdığını göstərir. Hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda belə bir durumun yaşanmaması üçün bu gündən etibarən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkəmizdə hərəkətə məhdudiyyət qoyulub.
Vətəndaşlarımızın bir qisminin bu səbəbdən çətinliklərlə üzləşdiyini bilirəm. Hazırda dövlət qurumları koronavirus (COVID-19) virusunun iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması üçün gərəkən addımları atır. Artıq konkret tapşırıq və proqramlar üzərində işlər yekunlaşıb. Tez-tez bizə də müxtəlif müraciətlər olur. Onların həlli üçün aidiyyəti strukturlarla məsləhətləşmələr aparır, dəstək və tövsiyələrimizi veririk.
Burada dövlətlə yanaşı, vətəndaşlarımızın da üzərinə vəzifə düşür. Hər birimiz vəziyyətin ciddi olduğunu bilməli, məsələlərə maksimum diqqətlə və həssaslıqla yanaşmalı, özümüzün və yaxınlarımızın sağlamlığını qorumalıyıq. Əks halda virusa yoluxanların sayı daha da artacaq”.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov isə bildirib ki, bütün mürəkkəb situasiyalarda, həlledici anlarda hər bir xalq üçün milli birlik çox mühüm əhəmiyyət kəsb edir. Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün Azərbaycan hökuməti Prezident İlham Əliyevin xüsusi göstərişləri, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən müvafiq addımlar atır. Lakın mart ayı ilə müqayisə etsək hazırda ölkə və vətəndaşların real təhlükə mərhələsinə qədəm qoyduğunun şahidi olacağıq. Çünki bu gün bütün dünyada yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur: “Ona görə də, hər bir insan özünü və ətrafını qorumalıdır. Hər kəs bilməlidir ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Əfsuslar olsun ki, nəinki bizdə, hətta digər dövlətlərdə də insanlar şüuraltı bu xəstəliyin nə qədər ciddi olduğunu dərk etmirlər. İnsanlar öz yaxınını bu bəlaya düçar olduğunu görmədən inanmaq istəmirlər”.

Onun sözlərinə görə, bu gün dövlətimizin demək olar ki, bütün qurumları, nazirlikləri bu xəstəliklə mübarizəyə səfərbər olub. Hər kəsə müraciət olunur ki, qoyulan qaydalara riayət edərək özlərini bu bəladan qorusunlar. Lakin bütün bunların fonunda hər gün virusa yoluxmuş xəstələrin sayının artması təbii ki artıq həyəcan siqnalından xəbər verir. İlkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı: “Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Buna görə də xalqımız dövlət başçısının bu istiqamətdə atdığı bütün addımları dəstəkləyib, bu virusla mübarizəyə səfərbər olmalıdırlar. Hər kəs öz vətəndaşlıq borcunu dərk etməli, dövlətin koronavirusla mübarizədə atdığı addımlara dəstək olmalıdırlar. Dünyanı caynağına keçirmiş pandemiyadan ölkəmizin və vətəndaşlarımızın minimal zərərlə çıxmasına köməklik göstərmək bizim tarix və gələcək nəsillərimiz qarşısındakı məsuliyyətimizdir”.