“Milli Məclisin öz televiziyası olmalıdır” Siyasət

“Milli Məclisin öz televiziyası olmalıdır”

Qüdrət Həsənquliyev: “Qapalı iclaslar istisna olmaqla, bütün toplantılar canlı yayımlanmalıdır”

“Öncə seçicilərin problemlərini qaldırmaq üçün deputatlara çıxış imkanı yaradan spiker Sahibə Qafarovaya təşəkkür edirəm. Əgər bu, belə davam edəcəksə, insanlar öz problemlərindən danışılması üçün başqa auditoriya axtarmayacaqlar.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında deyib.
Milli Məclisin iclaslarının televiziyalarda yayımlanmasının önəmini diqqətə çatdıran Qüdrət Həsənquliyev qeyd edib ki, bu halda seçicilər canlı şəkildə parlamentdə səsləndirilən fikirlərlə tanış ola biləcəklər: “Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışır və həmin problemlər onlarla bərabət seçdikləri millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemlərdən söhbət açıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Bu baxımdan, Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər də burada hansı məsələlərin müzakirə olunduğunu bilsinlər, seçdikləri insanların fəaliyyətini yaxından izləsinlər. Ötən plenar iclasda deyirdik ki, koronavirusla bağlı televiziyalarda yaxşı təbliğat aparılmır və haqlı olaraq qeyd edildi ki, yox, aparılır. Amma çox təəssüf ki, o televiziyalara çox az sayda insanlar baxır. İnsanlar televiziyaları açanda orada nəyi görürlər? Görürlər ki, bir tok-şou, yaxud siyasi əhəmiyyətli müzakirə gedir və öncədən bilirlər ki, burada yalnız hökumətin təriflənməsindən danışıla bilər, hər hansı tənqidi fikirlər gedə bilməz. Onlar onsuz da görülən işləri bilirlər, ona görə də belə verilişləri izləmək çox da maraqlı olmur. Bu səbəbdən ya şou proqramlara baxırlar, ya da kanalı dərhal dəyişirlər. Buna görə də mən hesab edirəm ki, Milli Məclisin dünyanın hər yerində olduğu kimi öz televiziyası olmalıdır. Qapalı iclaslar istisna olmaqla, bütün toplantılar canlı yayımlanmalı və təkrar nümayiş olunmalıdır. Qonşu Türkiyə və başqa ölkələrdə olduğu kimi...”

“Bu, süründürməçilikdir…”

BAXCP sədri öz çıxışında başqa bir məsələyə də diqqəti cəlb etmək istədiyini bildirib: “Bu onunla bağlıdır ki, “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluqçuları işə qəbul olunanda Dövlət İmtahan Mərkəzində müsabiqə mərhələsini keçirlər, yəni imtahan verirlər. Sonra isə müsahibə mərhələsi olur. Bu başadüşüləndir, normal qarşılanır. Amma sonradan ayrı-ayrı nazirliklərdə, mərkəzi icra orqanlarında vakansiyalar yarandıqda da eyni proses təkrar olun ki, buna da heç bir ehtiyac yoxdur.
Azərbaycanda çoxlu sayda nazirlik, komitə və xidmətlər var. Bu qurumlarda kimlərsə təqaüdə gedə, kimsə işdən çıxarıla, kimsə iş yerini dəyişə bilər. Onlar yerinə isə işə qabul olunanda artıq bir dəfə imtahan vermiş və müsahibədən keçmiş şəxslər təyinat ala bilərlər. Amma təəssüf ki, bu vəzifələrə təyinat alan və vaxtilə Dövlət İmtahan Mərkəzində imtahan vermiş və müvafiq qaydada müsahibədən keçmiş şəxlər yenidən imtahan vermək və müsahibədə iştirak etmək məcburiyyətində qalırlar. Əvvala, Dövlət İmtahan Mərkəzinin o qədər çox əməkdaşı yoxdur ki, onlar hər dəfə nazirlik, komitə və xidmətlərdə vakant yerlər yarananda işə qəbul olunan şəxslərlə imtahan və müsahibədə iştirak edə bilsinlər. Digər tərəfdən, hər dəfə bu və ya digər qurumda vakanasiya yarananda prosesdə Dövlət İmtahan Mərkəzinin, icra orqanın nümayəndələri ilə yanaşı müstəqil ekspertlər də iştirak edirlər. İctimai əsaslarla prosesdə iştirak edən ekspert hansı səbəblərdən hər dəfə bir neçə saatını bu işə həsr etməlidir? Təbii ki, bütün bunlar bəzən formal xarakter daşıyır, bəzən isə arzuolunmayan hallara yol açır. Bu baxımdan, eyni prosesin hər dəfə eyni qaydada təkrarlanmasının doğru olmadığını düşünürəm. Hesab edirəm ki, bu, süründürməçilikdir…”

Əli Zülfüqaroğlu