“Ali təhsil haqqında” qanun layihəsini hazırlayan İşçi Qrupunun tərkibi dəyişəcək Siyasət

“Ali təhsil haqqında” qanun layihəsini hazırlayan İşçi Qrupunun tərkibi dəyişəcək

“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasında müzakirəyə çıxarılmayacaq.
Bunu APA-ya açıqlamasında parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib.
B. Əliyev “Ali təhsil haqqında” qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılmasının nəzərdə tutulduğunu söyləyib: “Hələ İşçi Qrupu tərəfindən layihə tam hazırlanmayıb. Pandemiya ilə əlaqədar bir çox reallıqlar dəyişdi və bütün bunlar layihədə nəzərə alınmalıdır. Layihə hazır olandan sonra komitədə müzakirə edilərək plenar sessiyaya tövsiyə edilməlidir. Düşünürəm ki, payız sessiyasında bu məsələyə qayıdacağıq. Digər tərəfdən, qanun layihəsi Milli Məclis tərəfindən Təhsil Nazirliyinin iştirakı ilə hazırlanır. Qanun layihəsinin hazırlanması ilə bağlı yaradılan İşçi Qrupunun da tərkibi dəyişəcək. İşçi Qrupunda Təhsil Nazirliyi, Milli Məclis və QHT nümayəndələri təmsil olunur. Artıq tərəflər İşçi Qrupuna yeni nümayəndələr təqdim ediblər, yeni tərkibi nəzərdən keçiririk. İşçi Qrupunun yeni tərkibini hələ təsdiq etməmişik. Hazırda İşçi Qrupunun köhnə tərkibi layihə üzərində işi davam etdirir”.
Komitə sədri “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı parlamentdə dinləmələrin təşkil edilməsi, geniş ictimai müzakirələrin keçirilməsinin də planlaşdırıldığını qeyd edib: “Ayrı-ayrı təhsil müəssisələrində də belə müzakirələr keçirmək niyyətimiz var”.
B. Əliyev parlamentin növbədənkənar sessiyasında Elm və təhsil komitəsində ayrı-ayrı qanunlara əlavə və dəyişikliklərə baxılacağını da qeyd edib.