XİN Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Aİ-yə təşəkkür edib Siyasət

XİN Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Aİ-yə təşəkkür edib

Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə yeni müavini Enrike Mora ilə video-konfrans formatında görüş keçirib.
Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsi məlumat yayıb.
Görüşdə nazir müavini Mahmud Məmməd-Quliyev yeni təyinatı ilə bağlı Enrike Moranı təbrik edib və onun Avropa İttifaqı (Aİ) - Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcəyindən əminliyini bildirib.
Nazir müavini Azərbaycanın Aİ ilə təhlükəsizlik sahəsində dialoqunun əhəmiyyətini qeyd edərək bu günədək müvafiq sahədə yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə Bakı şəhərində keçirilmiş görüşlərin səmərəliliyinə və əhəmiyyətinə diqqət çəkib. O, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Aİ-nin mövqeyinə görə təşəkkürünü bildirib və Aİ Xarici İşlər Nazirləri Şurasının Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı 12 may 2020-ci il tarixli Yekunlar sənədində, həmçinin Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin cari ilin 28 may tarixində BMT Təhlükəsizlik Şurasının brifinqində vurğulandığı kimi, bu prinsiplərin Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərində əsas element kimi qalacağına əminliyini ifadə edib.
Enrike Mora Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini, dünyəvilik dəyərlərinə malik Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynadığını bildirib. O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb. Aİ rəsmisi “COVID-19” ilə mübarizədə Azərbaycanın effektiv tədbirlər həyata keçirdiyini, pandemiyanın təsirlərinin aradan qaldırılmasında Aİ-nin Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında Yeni İkitərəfli Saziş üzrə danışıqların irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.