“Birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik” Siyasət

“Birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik”

Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım.
Sizin 2020-ci il 5 iyul tarixli məktubunuza görə təşəkkür edirəm.
Mən də öz növbəmdə qardaş Türkiyədə yeni növ koronavirus xəstəliyi səbəbindən həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, virusa yoluxanlara Allahdan şəfa diləyirəm.
Bəşəriyyətin üzləşdiyi koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir.
Bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həmrəylik nümayiş etdirir. Əminəm ki, birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik.
Bu xüsusda qardaş Türkiyə Respublikası tərəfindən göndərilən humanitar yardıma görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Bu, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin növbəti bariz nümunəsidir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq arzulayıram".
Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda qardaş ölkənin pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğu bildirilir. Məktibda deyilir:
"Cənab Prezident, Əziz Qardaşım.
Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbindən Azərbaycanda vəfat edən qardaşlarımıza Uca Allahdan rəhmət, müalicəsi davam edənlərin isə tezliklə şəfa tapmalarını diləyirəm. Həyatını itirənlərə görə qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Azərbaycanda pandemiyaya qarşı gördüyünüz təsirli tədbirləri və fəaliyyəti yaxından izləyirik. Bu sahədə mübarizə aparan hər kəsə işlərində uğurlar arzulayıram.
“Bir millət, iki dövlət” şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq. Bu çərçivədə Can Azərbaycanın pandemiya ilə mübarizəsinə bir az da olsa fayda verə biləcək tibbi yardım ləvazimatlarının ölkənizə çatdırılmasını təmin edirik.
Bu fürsətdən istifadə edərək pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edir, Zali-alinizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan əmin-amanlıq və rifah diləklərimi çatdırıram".