“Ermənistan beynəlxalq müstəvidə də dalana dirənib” Siyasət

“Ermənistan beynəlxalq müstəvidə də dalana dirənib”

Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi növbəti hərbi təxribat diqqətin ölkə daxilindəki problemlərdən yayındırılmasına xidmət edən addımdır.
Bu sözləri “Xalq cəbhəsi”nə açıqlamasında Avronest Parlament Assambleyasında Azərbyacna nümayəndə heyətinin rəhbəri, millət vəkili Azər Kərimli deyib.
Millət vəkilinin sözlərinə görə, koronavirusla mübarizədə aciz qalan Ermənistan hakimiyyətinin aclıq və səfalət içərisində yaşayan vətəndaşlarının sosial problemlərini hətta minimum səviyyədə belə həll etmək iqtidarında deyil: “Siyasi avantürist Nikol Paşinyan isə, Ermənistanda deyildiyi kimi, “insanlara çörək əvəzinə heç bir işə yaramayan proqramlarını yedizdirməyə” çalışır. Digər tərəfdən isə, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, ölkəmizin Azərbaycanın beynəlxalq uğurları Ermənistanın siyasi hakimiyyətini ciddi şəkildə narahat edib və xroniki paxıllıq hisslərini daha da gücləndirib”.
Azər Kərimli qeyd edib ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Qoşulmama Hərakatına üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri, Avropa İttifaqının, Avtopa parlamentarilərinin münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyini vurğulamaları, Prezident İlham Əliyevin təşəbbüslərinin qlobal miqyasda dəstək qazanması Ermənistan cəmiyyətində siyasi hakimiyyətə olan etimadı minimuma endirib, qarşıdurmaları, ziddiyyətləri dərinləşdirib”.
Millət vəkili bildirib ki. artıq bir sıra ölkələrin nüfuzlu siyasətçiləri Ermənistanın son hərbi təxribatına ciddi reaksiya veriblər: “Məsələn, İtaliya parlamentinin xarici işlər komissiyasının prezidenti Palasso Madam, senator Vito Petroçelli Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə, beynəlxalq ictimaiyyəti baş verənlərə münasibət bildirməyə çağırıblar. Bütün bunlar Ermənistanın beynəlxalq müstəvidə də ölkə daxilində olduğu kimi dalana dirəndiyini göstərir”.
Azər Kərimli qeyd edib ki, son təxribat Ermənistan hakimiyyətinin əlində ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün başqa heç bir vasitənin qalmadığını göstərir: “Ermənistan şübhəsiz ki, layiqli cavabını alıb və alacaq. Bu ölkənin cəmiyyəti artıq elə bir xəyal qırıqlığına uğrayıb ki, heç bir təxribat diqqətin daxili problemlərdən yayındırılmasına komək etməyəcək”.
Millət vəkili Ermənistanın növbəti hərbi təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib.

Elçin