Əli Əhmədov: Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında “Əsrin müqaviləsi”nin xüsusi yeri var Siyasət

Əli Əhmədov: Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında “Əsrin müqaviləsi”nin xüsusi yeri var

Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında 1994-cü ilin 20 sentyabrında imazalanmış “Əsrin müqaviləsi”nin xüsusi yeri var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfransda deyib.

Ə.Əhmədov bildirib ki, müasir tariximizin ən önəmli hadisələrini sadalamalı olsaq, onların sırasında Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə möhtəşəm qayıdışını və bu qayıdışın bilavasitə nəticəsi kimi qiymətləndirilməli olan bu neft sazişinin imzalanmasını qeyd etmək yerinə düşər:

“Çünki Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmamışdan əvvəl də neft sazişi imazalamaq cəhdləri olmuşdu, amma bu cəhdlər nəticə verməmişdi. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik yox idi, Azərbaycan müharibə vəziyyətində idi, həmçinin ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlı kənardan təhdid və təzyiqlər də var idi”.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın çətin zamanlarında Ümummilli Lider Heydər Əliyev bu müqavilənin imzalanmasına nail oldu. Onun sözlərinə görə, müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan dünyanın enerji mərkəzinə çevrildi:

“Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə qlobal enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı”.

Baş nazirin müavini qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub: “Azərbaycan dövlət müstəqilliyini yenicə əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında gedən siyasi proseslər müəyyən səbəblərdən başa çatmamışdı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də daxil idi. Qeyd etdiyim kimi, o zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi”.

YAP Sədrinin müavini söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə neft strategiyası uğurla davam edir və artıq 26 ildir ki, “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir: “Bu layihənin ən böyük əhəmiyyəti Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bu ehtiyatlar hesabına iqtisadiyatının inkişaf etdirilməsi, insanların rifah halının yaxılaşması, ölkədə infrastrukturun yeniləşməsidir”. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Ə.Əhmədov deyib ki, neftdən gələn gəlirlər xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayan Baş nazirin müavini neft strategiyasının bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcəyini diqqətə çatdırıb.