Deputat: Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz Siyasət

Deputat: Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz

Ermənilər danışıq prosesini pozmağa çalışır, tez-tez müxtəlif insidentlər törədir və Azərbaycanı da təxribata çəkməyə çalışırlar. Son proseslərin təhlili göstərir ki, ermənilər müharibəyə hazırlaşır. Sülh danışıqları barədə düşünmək əvəzinə Azərbaycanın əlavə torpaqlarının işğal olunmasıyla bağlı bəyanatlar səsləndirir. Bu da birmənalı olaraq yolverilməzdir.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan dəfələrlə bu məsələni beynəlxalq qurumlar qarşısında qaldırıb: “Ancaq təəssüf ki, bu gün də ermənilər sülh əvəzinə yeni təxribatlar hazırlamağa çalışırlar. Əgər belə bir hal baş verərsə, Azərbaycan bu məsələyə sərt şəkildə reaksiya verəcək və ardıcıl tədbirlərini davam etdirəcək.

Ermənistan Dağlıq Qarabağ ərazisindəki bütün Azərbaycan məscidlərini, din ibadət ocaqlarını dağıdıb və indi də, müsəlman ölkələriylə sıx əlaqə qurmağa çalışır. Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz. Əgər Ermənistan səmimidirsə, onda oradakı məscidləri, bizim dini ibadət yerlərimizi dağıtmamalı idi. Ancaq biz bunun əksini görürük. Azərbaycan daima çalışır ki, islam həmrəyliyinə töhfə versin. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman ölkələri ilə davamlı və sıx əməkdaşlıq edir. Azərbaycan davamlı olaraq ölkəmizdə islama, islamın tarixinin, mədəniyyətinin öyrənilməsinə dair silsilə tədbirlər, konfranslar keçirir. Ancaq qeyd etdiyimiz kimi, Ermənistan isə bu məsələdə düzgün movqe tutmur. Bizim məscidlərimizi, dini ibadət ocaqlarımızı dağıdır, bunlara qarşı təcavüz həyata keçirir.

Azərbaycan müsəlman ölkələrindən istədiyi odur ki, Ermənistanın bu riyakar əməllərini, onlarla əməkdaşlıqda bu məsələləri nəzərə alsınlar və öz mövqeylərini nümayış etdirsinlər. Bir sıra müsəlman ölkələri ümumiyyətlə heç bir əlaqə qurmur Ermənistanla, bur sıra ölkələrsə çox təəssüf ki, onlarla əlaqə qurmaqdadırlar. Ermənistana qarşı təzyiqlər beynəlxalq səviyyədə artmalıdır və müsəlman ölkələri də bu məsələylə bağlı öz mövqeylərini bildirməlidirlər. Azərbaycan müsəlman dünyasının bir parçasıdır. İslam mədəniyyətinə Azərbaycan böyük töhfələr verib.

Bu gün ölkəmizdə islam dəyərləri dövlət tərəfindən qorunur və saxlanılır. Bu baxımdan da münasibətlərdə bu amillər nəzərə alınmalıdır. Qeyd etdiyimiz kimi, özünü müsəlmanın dostu olduğunu iddia edən ölkə müsəlman abidələrini dağıtmamalı, onlara qarşı təcavüzü həyata keçirməməlidir. Ancaq biz fərqli bir mənzərənin şahidi oluruq ki, riyakarcasına Ermənistan öz dövlət qurumlarının nümayəndələrini, Xarici İşlər nazirini ayrı-ayrı ölkələrə göndərərək onlarla münasibətləri gücləndirməyə, əlaqə qurmağa çalışır. Digər tərəfdən də, bizim dini tarixi abidələrimizi məhv edir, dağıdır. Əlbətdəki Azərbaycan bu məsələlərlə bağlı zaman-zaman müsəlman ölkələrinə, ayrı-ayrı ölkələrə öz mövqeyini bildirib və istəyi də ondan ibarətdir ki, müsəlman ölkələri də Ermənistanla əməkdaşlıqda bu məsələni nəzərə alsınlar.

Ermənilər nəinki Qarabağda, İrəvanda da bizim bütün dini abidələrimizi, qəbirlərimizi, ziyarətgahlarımızı dağıdıblar. Bu qəbirləri, dini abidələri dağıdan ölkədən müsəlmanların dostu ola bilməz. Ona görə də bizim istəyimiz də odur ki, Ermənistanla əməkdaşlıq edən müsəlman ölkələri bu təcavüzkar əməllərini nəzərə alsınlar və öz movqelərini ortaya qoysunlar ki, ermənilər gələcəkdə bu əməllərindən çəkinsinlər”.