Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir Siyasət

Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt edərək, bir milyondan çox insanın hüquqlarını pozan Ermənistanın faşist ideologiyasına xidmət edən işğalçılıq siyasəti son zamanlar daha da fəallaşıb.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Millət vəkili bildirib ki, başqasının torpağına, el-obasına göz dikən, insanları evsiz-eşiksiz qoyan, ata-baba yurdundan didərgin salan Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. İllərdir Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdür, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini hərbi işğal altında saxlayır və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirir, bölgədə münaqişə ocağı yaradaraq dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədir.

Hazırkı Paşinyan hakimiyyəti terrora dövlət səviyyəsində dəstək verir. Ermənistanın baş nazirinin yürütdüyü işğalçı siyasəti, sərsəm ritorikaları, qeyri-ciddi çıxışları bu ölkənin siyasi iflasınından xəbər verir. Aciz və çıxılmaz vəziyyətdə olan Paşinyan hakimiyyəti müxtəlif manipulyasiyalar, cəfəng bəyanatlarla Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllindən yayınır, danışıqlar prosesini pozur, hərbi-siyasi xarakterli təxribatlarını davam etdirir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.

Dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququn normalarını pozmaqda davam edən Paşinyan hökuməti bir yandan işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırmaya start verir, bir yandan ordusunu silahlandırır.

Prezident İlham Əliyevin "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa etdi. Eyni zamanda dövlət başçımız Ermənistana xəbərdarlıq mesajı göndərdi: "Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Gücünə və nüfuzuna arxalanan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində hər zaman prinsipial mövqe nümayiş etdirib, qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyb, işğalçı Ermənistana törətdikləri təxribatların qarşısını almaqda da, diplomatiya müstəvisində də böyük zərbələr vurub.

Ermənistan xalqı ölkələrini uçuruma aparan bugünkü rəhbərliyin məsuliyyətsiz addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil etməli və növbəti məğlubiyyəti yaşamamaq üçün Paşinyan hakimiyyətinin revanş götürmək cəhdinə aldanmamılıdır.