Aşotyan: “Əliyevin bəyanatları hamı üçün Nikol Paşinyanın maskasını cırır” Siyasət

Aşotyan: “Əliyevin bəyanatları hamı üçün Nikol Paşinyanın maskasını cırır”

“Qarabağ münaqişəsi ətrafında baş verən proseslər çox narahatvericidir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları aydın siyasi məqsədə malikdir. Türkiyə tərəfinin də bəyanatlarını nəzərdən keçirsək, başa düşərik ki, Azərbaycan Qarabağı yox, Azərbaycan və Türkiyə Ermənistan və Qarabağı istəyir”. Ermənistan mediasının yaydığı xəbərə görə, bunu jurnalistlərlə görüşündə Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan deyib.
O qeyd edib ki, İlham Əliyevin bəyanatlarının arxasında aydın şəkildə tanklar və toplar görünür.
“Müharibə olsa, Ermənistan bu müharibədə günahkar kimi etiketlənməməlidir. Ermənistan Baş naziri - Xarici İşlər naziri cütlüyünün öz rüsvayçı uğursuzluqlarına necə üzsüzlüklə yanaşması təəccüblüdür”, - deyə o qeyd edib.
Aşotyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Nikol Paşinyan keçmiş hakimiyyətin nümayəndələrinin geri qayıtmaması üçün ondan atəş açmamağı xahiş edib.
O qeyd edib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra hər ay və ilin hər fəsli istidir.
Aşotyan Ermənistanda baş verən bütün prosesləri Qarabağ məsələsi, eləcə də 2016-cı ildə “Sasna Tsrer” qruplaşması tərəfindən polis post-patrul alayı üzərinə edilmiş silah hücum və alayın ələ keçirilməsi ilə əlaqələndirib.
“Əliyevin bəyanatları hamı üçün Nikol Paşinyanın maskasını cırır”, - deyə o vurğulayıb.
Aşotyan Qarabağ məsələsinin həlli haqqında danışarkən deyib: “Prosesə öz nöqteyi-nəzərlərindən başlayaraq bütün prosesi ayaqlarının altına atıblar. Proses hələ başlamamış biz potensial günahkarıq, niyə? Çünki Nikol Paşinyan və Zöhrab Mnatsakanyan daxili populizmə qapılmışdılar, iki il yarım ərzində bizi dinləmirlər”.
Respublikaçılar partiyasının sədr müavini deyib ki, Nikol Paşinyan cavab verməlidir. “Nikol Paşinyan Qarabağ danışıqları məsələsi üzrə elə bir günah toplayıb ki, bu günahdan təmizlənə bilməz, günah çantasını götürməli və getməlidir”, - deyə Aşotyan vurğulayıb.
Aşotyan qeyd edib ki, hazırda Azərbaycan təbliğatı qalib gəlir.
Onun sözlərinə görə, Ermənistanda narazılıqlar gündən-günə artır və bu da siyasi proseslərin əsasında olmalıdır.
Aşotyan bildirib ki, iqtisadi böhranın səbəbi yalnız pandemiya ilə əlaqədar məhdudiyyətlər deyil.
“Ermənistan-Qarabağ (qondarma qurum-red.) münasibətlərində heç vaxt bu cür xaos olmayıb”, - deyə Aşotyan qeyd edib.