Deputat: Paşinyanın komandası Soros və digər təşkilatların nümayəndələrindən ibarətdir Siyasət

Deputat: Paşinyanın komandası Soros və digər təşkilatların nümayəndələrindən ibarətdir

Ermənistanın bugünkü rəhbərliyi hələ də anlamır ki, işğalçılıq və təxribatçılıq siyasəti ilə ölkəni uçuruma aparır. Paşinyan hakimiyyəti məsuliyyətsizdir, destruktiv addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. Bunu Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat bildirib ki, iyul hadisələri zamanı məyus olan ermənilərin əsas qayəsi özlərini alçaltmaqdır, özlərini məzlum, yazıq xalq kimi qələmə verməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır:

“Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, amma heç bir təşkilat məsələ qaldırmayıb. Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar.

Danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaq naminə Ermənistan hakimiyyəti artıq neçənci dəfədir ki, təxribata əl atır. İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün düşmən tərəfindən diversiya qrupu göndərilib və o qrupun başçısı tutulub. Artıq Minsk Qrupu da səssiz qala bilmir. Qrupun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub.

Ermənistan hakimiyyəti və xalqı anlamalıdır ki, onlar beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, bu onlar üçün çox ağır nəticələrə gətirib çıxaracaq”.