“İnformasiya təxribatının məqsədi beynəlxalq ictimai rəyi yanıltmaqdır” Siyasət

“İnformasiya təxribatının məqsədi beynəlxalq ictimai rəyi yanıltmaqdır”

Nurlan Qələndərli: “Paşinyan hökumətinin terrorçularla işbirliyi faktı ortaya qoyulub”

“Təcavüzkarlıq ritorikasını və işğalçılıq eyforiyasını gücləndirən Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətməyə cəhd etsə də, “bumeranq effekti” ilə qarşı-qarşıya qaldı. “Silahlı manipulyasiya” səyi “daşa dəyən”, iflasa düçar olan işğalçı Ermənistan, erməni lobbisi və onların dəstəkçiləri, bütövlükdə, dünya erməniliyi “total hücum” taktikası ilə hərəkət edərək yeni cəbhələr açmaq üçün səfərbər olundular”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloq vurğulayıb ki, bunlardan birini informasiya müstəvisində ardıcıl təxribatlar təşkil edir: “Son vaxtlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına “erməni əsilli ailələr” adı altında Yaxın Şərq ölkələrindən, o cümlədən Livan, İraq və Suriyadan terrorçuların, hətta PKK yaraqlılarının gətirilməsi barədə faktlar dünya mətbuatında öz əksini tapıb və ciddi əks-səda doğurub. Elə son günlər işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayona İraq və Suriyadan PKK terrorçularının gətirilməsi barədə xəbərlər Misir və Rusiya mətbuatında da geniş yer alıb. Misirin nüfuzlu “Qahirə24” saytı və Rusiyanın “gazeta.ru” informasiya portalında dərc olunan informasiya və məqalələrdə Paşinyan hökumətinin terrorçularla işbirliyi faktı ortaya qoyulub. Belə olan halda, işğalçı Ermənistan və erməni lobbisi həm də bu reallıqları gizlətmək, diqqəti yayındırmaq məqsədilə Azərbaycan dövləti haqqında dezinformasiya yaymaqla məşğul olur. Başqa sözlə, elektron informasiya resursları və sosial şəbəkələr vasitəsilə manipulyativ məlumatların - dezinformasiyaların yayılması beynəlxalq ictimai rəyi yanıltmaq məqsədinə xidmət edir. Eyni zamanda, ermənilər Azərbaycan xalqına və dövlətinə qarşı “dünya hörümçək toru”nda - internet resurslarında yalan məlumatlar yaymaqla ölkəmizin yüksək nüfuzuna və müsbət reputasiyasına zərər yetirməyə çalışırlar”.
Nurlan Qələndərlinin sözlərinə görə, hərbi müstəvidə təxribat törədən işğalçı Ermənistanın silahlı qüvvələri darmadağın edildiyi kimi, ermənilərin kibercinayətkarlıq kateqoriyasına daxil olan informasiya təxribatı da iflasa düçar edilir. “Terrorçu dövlətin dezinformasiya siyasətinin və erməni yalanlarının ifşa edilməsi Ermənistana, erməni lobbisinə ciddi dərs olmalı, onlar bu reallıqlardan konkret nəticə çıxarmalıdırlar”,-deyə politoloq əlavə edib.