"Silahlı Qüvvələrimizin QƏLƏBƏ əzminə bütün varlığımızla inanırıq" Siyasət

"Silahlı Qüvvələrimizin QƏLƏBƏ əzminə bütün varlığımızla inanırıq"

Hərbi yönümlü QHT-lər bəyanat yaydılar

Azərbaycanın hərbi yönümlü QHT-ləri bəyanat yayıblar. Bəyanatda deyilir:
"Bu gün – 27 sentyabr tarixinə böyük çoşquyla, illərdir gözlədiyimiz müjdəli xəbərlərin veriləcəyi günlərin başlanğıcı tarixi olaraq başladıq! Azərbaycan Ordusu düşmən qüvvələrinin səhər saatlarından başlayan təxribatına sərt reaksiyaya verərək əks-hücum həmləsiylə düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edir. Son günlər düşmənin cəbhəboyu ərazilərdə aktivləşməsi, bütün qüvvələrini təmas xəttinə cəmləyərək hücuma hazırlaşdığı hər kəsə məlum idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev son çıxışlarında düşmən qüvvələrin hücuma hazırlaşması barədə bizim tərəfdə etibarlı mənbələrədən kəşfiyyat məlumatlarının olduğunu ifadə edərək, Azərbaycan ordusunun bu hücumları dəf etmək iqtidarında olduğunu, özümüzü əzmkarlıqla, qətiyyətli şəkildə müdafiə edəcəyimizi bəyan etmişdir.
Biz hərbiyönümlü QHT-lər olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı haqq işini dəstəkləyir, bütün gücümüzlə, canımız-qanımızla onun və şanlı ordumuzun yanında olduğumuzu bəyan edirik! Bütün cəmiyyətimizi: ixtidarlı, müxalifətli hər kəsi birlik olmağa, cənab Ali Baş Komandanımızın apardığı haqq işinə dəstək olmağa çağırırıq. Bütün siyasi ambisiyaları kənara qoyub Vətənimiz, Xalqımız, Dövlətimizin naminə bir hədəfə vurmalıyıq, vahid mövqe sərgiləməliyik. Biz belə olduğu halda daha güclü, daha qüdrətli olub qələbəyə birgə addımlayacayıq! Hərbi yönümlü QHT-lər bütün cəmiyyətimizə, sosial şəbəkə istifadəçilərinə, cəbhəboyu ərazilərdə yaşayan insanlara səslənərək bildiririk ki, müharibənin, hərbi əməliyyatlarının özünəməxsusluğu, öz qanunları var. Hər bir vətəndaşımız bu qanunlara tabe olmağa borcludur. Dezinormasiyalara uymayaraq yalnız dövlət qurumlarının yaydığı məlumatlara əsaslanmağa çağırırıq!
Azərbaycan Respublikasının Prezidenti xalqa müraciətində: “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” dedi. Hərbiyönümlü QHT-lər olaraq vahid komandanlıqla idarə olunan Silahlı Qüvvələrimizin QƏLƏBƏ əzminə bütün varlığımızla inandığımızı, müsəllah əsgər olaraq döyüşlərə hər an döyüşlərə hazır olduğumuzu QƏLƏBƏYƏ gedən müqəddəs yolda birgə olduğumuzu bəyan edirik!
Biz Birlikdə Güclüyük!'