"Ermənistan öz faşist mahiyyətinə uyğun olaraq, dinc əhalini hədəfə alır" Siyasət

"Ermənistan öz faşist mahiyyətinə uyğun olaraq, dinc əhalini hədəfə alır"

"Ermənistan bu gün öz xislətinə və faşist mahiyyətinə uyğun olaraq, dinc əhalini bilərəkdən və qəsdən hədəfə alır. Bu, artıq əndəzanı aşmaqdır".
Bunu APA-ya açıqlamasında Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Azay Quliyev deyib.
O bildirib ki, dünəndən etibarən Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində Azərbaycanın mülki əhalisi və cəbhəyanı ərazidə yerləşən kəndlərə iriçaplı artilleriyadan atəşlər açılır, hücumlar edilir: "Artıq son məlumatlara görə, Azərbaycanın mülki əhalisi arasında yaralananlar və ölənlər var. Cəbhədən xeyli uzaqda yerləşən Naftalanda bir ailənin bütün üzvləri tamamilə həlak oldu. Bu gün də cəbhəyanı bölgələrdə Ermənistanın insan əleyhinə olan cinayəti davam edir. Mülki əhaliyə hücum etmək bütün beynəlxalq konvensiyalar tərəfindən birmənalı şəkildə qadağan edilir. Bu cür hərəkətlər müharibə cinayəti hesab edilir. Hərb qanunlarında heç vaxt dinc əhaliyə silah qaldırılmır və onlar hədəf seçilmir. Bütün qaydaları, qanunları pozan və hər hansı qayda və qanuna əməl etmək kimi bir anlayışa sahib olmayan Ermənistan və onun indiki rəhbərliyi - Paşinyan diktaturası növbəti dəfə öz çirkin əməllərini həyata keçirir və öz simasını göstərir. Bu gün Azərbaycanın bütün qurumları beynəlxalq təşkilatlara müraciətlər edirlər. Təəssüflər olsun ki, hələ bununla bağlı konkret və təsirli addımlar atılımayıb. İşğalçı Ermənistanın haqq etdiyi tənqid və yaxud da müəyyən çağırışları biz müşahidə etmirik. Bu da bizdə çox ciddi narahatlıq doğurur. Yenə də anlaşılan budur ki, beynəlxalq təşkilatlar işğalçı ilə işğala məruz qalan arasında fərq qoymur, ümumi çağırışlar edirlər. Bu, qəbuledilməzdir və heç bir halda ədalətli və obyektiv sayıla bilməz".
Azay Quliyev nəzərə çatdırıb ki, Azərbaycanın əkshəmləsi Azərbaycanın tam olaraq haqqıdır: "BMT-nin Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana tam əsas verir ki, bu əməliyyatları həyata keçirsin. Azərbaycan hazırda bu hüququndan istifadə edir və Ermənistanın təcavüzünün qarşısını almaq üçün işğalçı ordunu geri oturdur. Dünən və bu gün Azərbaycan Ordusu müvəffəqiyyətlə əks hücuma keçib. Nəticədə Azərbaycanın 10-a yaxın kəndi və bir sıra əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib. Bu gün Azərbaycanda yüksək əhval-ruhiyyə və döyüş ruhu var. Azərbaycanda siyasi əqidəsindən, platformasından, hökumətə münasibətindən asılı olmayaraq, hamı bir nəfər kimi Ali Baş komandanın ətrafında sıx birləşib və ordumuzun yanındadır. Əminəm ki, 30 illik üzləşdiyimiz haqsızlığa, ədalətsizliyə, nəhayət, son qoyulacaq".