Gürcü konfliktoloq: “Azərbaycan azad etdiyi əraziləri qoruyub saxlaya bilsə, hücum əməliyyatını davam etdirəcək” Siyasət

Gürcü konfliktoloq: “Azərbaycan azad etdiyi əraziləri qoruyub saxlaya bilsə, hücum əməliyyatını davam etdirəcək”

“Azərbaycanın mövcud vəziyyəti nəzarətdə saxlaya bilməsi onun müəyyən nəticələr əldə etdiyini göstərir”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu “aktual.ge” xəbər saytına müsahibəsində gürcü konfliktoloq Giorgi Qanaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan geri qaytardığı ərazilərdə möhkəmlənərək hücum əməliyyatını davam etdirəcək.

“Azərbaycan tərəfinin mövcud vəziyyəti idarə etməsi onun müəyyən nəticələr əldə etdiyini göstərir. Geri qaytardığı əraziləri qoruyub saxlaya bilərsə, o zaman yəqin ki, hazırkı mərhələdə hücum əməliyyatını davam etdirəcək. Yaranan vəziyyət çox həyəcanvericidir. Vəziyyətin necə sonlanacağı barədə danışmaq tezdir, çünki qarşıdurmaların hələ üçüncü günüdür. Bölgə 1994-cü ildən bəri bu miqyasda bir qarşıdurmaya şahid olmayıb. Onun inkişaf konturları hələ görünmür. Gürcüstanın hazırkı mövqeyinə gəlincə isə, bunu düzgün qiymətləndirirəm. Çünki Gürcüstanın hər iki tərəflə yaxın qonşuluq münasibətləri var. Hər iki tərəf Gürcüstan üçün əzizdir və tarixən bizim həm azərbaycanlılarla, həm də ermənilərlə həmişə dostluq əlaqələrimiz olub. Gürcüstanda kifayət qədər çox sayda azərbaycanlı və erməni yaşayır. Gürcüstanın münaqişə tərəflərindən hər hansı birinin yanında yer alması ölkə daxilində kifayət qədər ciddi problemlər yarada bilər və bu səbəbdən Gürcüstan tərəfsiz və ədalətli olmaq üçün əlindən gələni etməlidir. Gürcüstan üçün yeganə düzgün yanaşma bu olmalıdır”, - deyə G. Qanaşvili qeyd edib.