Misir portalı Azərbaycan diasporunun cəbhədəki gərginliklə bağlı bəyanatını yayıb Siyasət

Misir portalı Azərbaycan diasporunun cəbhədəki gərginliklə bağlı bəyanatını yayıb

Misirin “Vətən sözü” informasiya portalı Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Azərbaycanla Ermənistan arasında döyüşlərin səbəbləri barədə bəyanatını yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Dağlıq Qarabağın mübahisəli ərazi olmadığı, Azərbaycanın bütün dünya tərəfindən qəbul edilmiş hüdudları daxilində əzəli torpağımız olduğu diqqətə çatdırılır. Artıq 30 ilə yaxındır ki, Ermənistan Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. Təcavüzkar ölkə qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə də məhəl qoymur.

Bəyanatda vurğulanır ki, dünyanın bir çox dövlətləri, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla çoxlu sayda beynəlxalq təşkilatlar erməni ordusu tərəfindən Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı qətliamını “soyqırımı” kimi tanıyıb. “Müharibə Ermənistan ərazisində getmir və Azərbaycan ordusu Ermənistan torpaqlarını işğal etməyə çalışmır. Azərbaycanın öz torpaqlarını azad etmək üçün kifayət qədər qüvvəsi olduğu halda o, 1994-cü ildə elan olunan atəşkəs razılaşmasına əməl edib. Tərəflər münaqişənin ATƏT-in Minks qrupu formatında sülh yolu ilə həlli üzrə razılıq əldə etsələr də, 25 ildən artıq bir müddətdə Ermənistanın heç bir rəhbəri bu istiqamətdə səy göstərməyib. Hətta işğalçı ölkənin baş naziri Paşinyanın hakimiyyətə gəlişindən sonra etdiyi ziddiyətli çıxışlar və sərhədyanı bölgələrdə yaşayan dinc əhalinin öldürülməsi danışıqlar prosesini tamamilə dayandırıb”, - deyə bəyanatda vurğulanır.