Azərbaycan Ordusunun uğurlu əks-hücumu Ermənistanda sosial-iqtisadi, siyasi böhranı daha da dərinləşdirib Siyasət

Azərbaycan Ordusunun uğurlu əks-hücumu Ermənistanda sosial-iqtisadi, siyasi böhranı daha da dərinləşdirib

Azərbaycan Ordusunun uğurlu əks-hücumu Ermənistanda və bu işğalçı ölkənin Azərbaycan ərazilərində formalaşdırdığı qanunsuz hərbi-xunta rejiminin nəzarəti altında olan subyektlərdəki sosial-iqtisadi böhranı daha da dərinləşdirib. Xarici borcun dövlət büdcəsini təxminən 3 dəfə üstələməsi Ermənistanın beynəlxalq maliyyə institutlarının dəstəyindən də məhrum edib.

Bu fikirləri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert deyib ki, yaranmış vəziyyət Ermənistan ordusunun təchizatında da ciddi problemlər yaradıb. Ərzaq çatışmazlığının kritik həddə çatması rəsmi İrəvanı bir sıra ölkələrə ərzaq yardımı üçün müraciət etməyə məcbur edib. Ermənilərin kompakt yaşadığı qonşu ölkələrdən diaspor nümayəndələrinin topladığı vəsaitlər hesabına işğalçı ölkəyə ərzaq yardımlarının göndərilməsi də bunu sübuta yetirir. Ermənistandakı xəstəxanalar yaralıları qəbul edə bilmədiyi üçün nisbətən yüngül yaralanmış şəxslər evlərdə müalicə alırlar. Bəzi məlumatlara görə, yaralıların müalicəsi və tibb ləvazimatları ilə bağlı qonşu ölkələrdən bəzilərinə müraciət də olunub.

Mövcud vəziyyət Ermənistan hakimiyyəti daxilindəki ziddiyyətləri daha da dərinləşdirib. Orduda hökm sürən fərarilik halları, səfərfbərliklə bağlı qərarın icrasında yaranmış ciddi problemlər ordu rəhbərliyi ilə siyasi hakimiyyət arasındakı münasibətlərin kəskinləşməsinə səbəb olub. Ermənistan vətəndaşları hərbi xidmətə getməkdən imtina edir, müxtəlif vasitələrlə çağırışdan yayınmağa çalışırlar.

Qarabağ klanı ilə hakimiyyət arasında yaranmış qarşıdurma isə daha da kəskinləşib. Ermənistanın sabiq prezidentləri xüsusilə də mövcud hakimiyyətə qarşı sərt mövqedə dayanan Robert Koçaryan klanının ayrı-ayrı nümayəndələri ilə, həmçinin qeyri-qanuni rejimin sabiq və özünə yaxın “rəhbərləri” ilə bir araya gələrək Paşinyan rejiminə qarşı güc nümayiş etdirirlər. Xalqın hakimiyyətdən narazılığı isə getdikcə daha da güclənməkdədir. Həm sosial-iqtisadi böhranın kəskin həddə çatması, həm insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı Paşinyan hökumətinin atdığı addımlar ac kütləni daha da qəzəbləndirib.

Azərbaycan Prezidentinin torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətiyyətli mövqe sərgiləməsi, xalqımızın Prezidentə və Orduya verdiyi dəstək, hər bir vətəndaşımızın döyüşə hazır olduğunu bəyan etməsi, ölkəmizdə hökm sürən yüksək əhval-ruhiyyə, vətənpərvərlik ruhu Ermənistan cəmiyyətindəki təşvişi daha da gücləndirib. Artıq Ermənistanda məğlubiyyət əhval-ruhiyyəsi hökm sürür və insanlar ölkənin fəlakətə sürükləndiyini açıq şəkildə ifadə edirlər.

Hesab edirəm ki, Ordumuzun uğurlu əməliyyatları davam etdikcə Ermənistandakı iqtisadi-siyasi böhran daha da dərinləşəcək, siyasi qarşıdurmalar daha da açıq müstəviyə keçəcək.