“İstənilən dövləti köməyə çağırmaq hüququmuz var” Siyasət

“İstənilən dövləti köməyə çağırmaq hüququmuz var”

Qüdrət Həsənquliyev: “Bu beynəlxalq hüquqla müəyyənləşib”

BMT nizamnaməsinə görə, təcavüzə məruz qalan istənilən ölkənin həm özü, həm də başqalarının köməyi ilə müdafiə olunmaq, öz torpaqlarını işğaldan azad etmək hüququ var.

Bunu “Xalq cəbhəsi” qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri qeyd edib ki, BMT nizamnaməsinin 51-ci maddəsində dövlətlərin həm özləri, həm də kollektiv şəkildə müdafiə hüququna malik olduqları bildirilir: “Amma dövlətlərin həm özlərinin başqalarına hücum etmək, həm də başqaları ilə birlikdə başqa bir ölkəyə hücum etmək hüququ yoxdur. Bu beynəlxalq hüquqa görə beynəlxalq cinayətdir. Ermənistan əslində həmin cinayəti törədib. Ermənistan başqa dövlətlərin köməyindən istifadə edərək bizim torpaqları işğal edib. Azərbaycan öz torpaqlarını azad etmək üçün həm özü təkbaşına, həm də başqa dövlətlərin köməyi ilə bunu edə bilər. Yəni bizim istənilən dövləti köməyə çağırmaq haqqımız, hüququmuz var. Bu beynəlxalq hüquqla müəyyənləşib. Yəni Ermənistanın axmaq rəhbərliyi və bu axmaq rəhbərliyi müdafiə edən xarici dairələr və xarici dövlətlərin liderləri Azərbaycandan tələb edirlər ki, Azərbaycan atəşi dayandırsın və onun torpaqlarını işğal etmiş dövləti, işğalçı qoşunları öz ərazisindən çıxarmasın. Oturub danışıqlar yolu ilə məsələni həll eləsin. Əvvəla 30 il ərzində bu danışıqların heç bir nəticəsi olmayıb. Əksinə bu imkan verib ki, həm Ermənistan Dağlıq Qarabağda məskunlaşma aparsın, həm də orada bu gün keçilməsi çox çətin olan böyük müdafiə istehkamları qursun. Bu da onu göstərir ki, bu dövlətin problemi sülh yolu ilə həll etmək fikri olmayıb. Əbədi orada möhkəmlənmək və onların düşüncəsi ilə keçilməz bir müdafiə sistemi qurmaq olub. Yəni bu da onu göstərir ki, onların əvvəldən torpaqları işğaldan azad etmək niyyətləri olmayıb. İkinci bir səbəbdən məsələyə Ermənistanın özünün prizmasından, özünün məntiqi ilə yanaşsaq, Ermənistan iddia edir ki, o özünü müstəqil elan etmiş Qarabağa kömək edir. Çünki onlar bizim soydaşlarımızdır, yəni eyni bir millətin nümayəndəsiyik. Əvvəla Dağlıq Qarabağ bir dövlət kimi tanınmayıb ki, deyim onun başqa bir dövlətə ona kömək üçün müraciəti olsun. Yəni, bu qondarma, qanunsuz bir rejimdir. İkincisi Ermənistanın öz məntiqi ilə yanaşsaq, o zaman Azərbaycana da Türkiyənin kömək etmək hüququ var. Belə çıxır ki, başqalaırndan kömək istəmək hüququ təkcə Ermənistana aiddir. Ermənistanın başqalarının köməyi ilə bizim torpaqlarımızı işğal edə bilər və hesab edir ki, onun tam hüququ var ki, qondarma Dağlıq Qarabağ “respublika”sını müdafiə eləsin. Amma biz eyni millətik və eyni millət olmasaq belə, beynəlxalq hüquqa hörmət edən istənilən dövləti köməyə çağıra bilərik ki, XXI əsrdə bizim torpaqlar işğal olunub. Bizim belə deyək, işğalçını buradan çıxarmağa gücümüz çatmır, bizə kömək eləyin. Yəni bu bizim tam hüququmuzdur. Ona görə də, hərdən ermənilər biizm ittiham edəndə ki, biz türkləri dəvət etmişik, türklər bizə kömək edir. Əlbəttə bu gün bunu etmədiklərinə görə, biz bunu təkzib etməliyik, hələlk bizim buna heç ehtiyacımız da yoxdur. Amma xarici dövlətlər altdan-altdan Ermənistana daha çox kömək edərlərsə - silahlı terror qruplaşmaları PKK, YPG Dağlıq Qarabağda vuruşur, onlar Suriyadan, İraqdan , başqa bölgələrdən, Livandan bizim ərazimizə kifayət qədər terrorçu dəstələr gətiriblər - o zaman Azərbaycanın belə bir hüququ var. Ona görə də, bizim diplomatlarımız, siyasilərimiz hələlik bunu təkzib etdikləri zaman deməlidirlər ki, bizim buna haqqımız var. Deməlidirlər ki, bəs Ermənistan, sən hansı hüquqla, hansı əsasla Dağlıq Qarabağdasan? Nəyə görə, səfərbərlik elan eləmisən? Nəyə görə bütün ehtiyat qüvvələrini Dağlıq Qarabağa göndərmisən? Hansı əsasla, hansı hüquqla? Bəs necə ola bilər ki, onda qondarma rejimin, tanınmamış “respublika”nın dəvəti ilə sən eyni millətik deyə bunu edə bilirsən? Azərbaycan türkləri də öz millətindən olan başqa bir dövləti, tutaq ki Türkiyəni dəvət edə bilməz ki, ona kömək etsin. Özü də biz bu köməyi dəvət eləmirik ki, başqa dövləti işğal edək, başqa dövlətə hücum edək. Dəvət edirik ki, torpaqlarımızı işğaldan azad edək. Qaldı ki, xarici dövlətlərin Azərbaycana artan təzyiqinə, bu təzyiq getdikcə artacaq. Mən söyləmişdim ki, müharibə uzandıqca təzyiq artacaq. Ona görə də çağırırdım ki, çalışmalıyıq maksimum dərəcədə itkilərə və dağıntılara baxmayaraq, qısa bir müddətdə bu problemi çözək, bizim ordumuz bunu həll etsin. Amma nə qədər ki, qısa bir müddətdə bunu həll etmək mümkün deyil - 30 il ərzində onlar orada güclü müdafiə istehkamları qurublar - o halda Azərbaycan beynəlxalq təzyiqlərə davam gətirməlidir və bundan çəkinməməlidir. Böyük bir tarixi şans yaranıb, əgər biz bunu əldən qaçırsaq, bir də belə bir tarixi şansın nə vaxt yaranacağını söyləmək çətindir. Prezident də dedi ki, yalnız bir halda biz dayana bilərik ki, erməni işğalçıları torpaqlarımızdan çıxsın. Mən hesab edirəm ki, onlar Prezidentin bu sözünü çox ciddi qəbul eləməlidirlər. Artıq el arasında deyildiyi kimi, “bu həna o hənadan deyil”. Qardaş Türkiyə Respublikasının qətiyyətli mövqeyi də bizi ruhlandırır və bizə çox böyük mənəvi dəstəkdir. Türkiyə Respublikasının Prezidenti hörmətli Ərdoğan da dəfələrlə bəyan edib ki, kömək etməyə hazırıq. Ehtiyac olacaqsa Azərbaycan müraciət də etməlidir. Burada utanılası, çəkinəsi bir şey yoxdur. Bütün dünya bilir ki, Ermənistanın arxasında kimlər dayanıb. BMT Təhlükəsizlik Şurasının “atəşi dayandırın və danışıqlar yolu ilə problemi çözün” açıqlaması isə növbətçi bir bəyanatdır. Yəni bu problemin həllinə xidmət etməyən bir mövqedir. Ona görə ki, əgər bir təşkilat növbəti dəfə əvvəl qərar qəbul etdiyi məsələnin müzakirəsinə qayıdırsa, mütləq əvvəlki qərarlarının icrası ilə maraqlanmalıydı. Amma əvvəlki qərarları ilə bağlı bir kəlmə söz demirsə, bu onu göstərir ki, bu təşkilat da artıq ciddiliyini itirib. Yalnız böyük dövlətlərin beynəlxalq arenada öz siyasətlərini həyata keçirmık üçün bir vasitəyə, alətə çevrilib. Ona görə də onlara da əhəmiyyət vermək lazım deyil. Necə ki 30 il Ermənistan əhəmiyyət verməyib. Azərbaycan öz torpaqlarını işğalçılardan azad eləməlidir. Qardaş Pakistandan dəstək istəməlidir. Onlardan və Türkiyədən müasir silahlar istəməliyik.

Sonda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Amma, bu müharibədir. Biz torpaqlarımızı azad etmək, bir millət olaraq şərəf və ləyaqətimizi qorumaq istəyiriksə, bir daha söyləyirəm ki, böyük itkilərə hazır olmalıyıq”.