İtaliya senatorları Ermənistan parlamentinin üzvlərini çətin vəziyyətə saldı Siyasət

İtaliya senatorları Ermənistan parlamentinin üzvlərini çətin vəziyyətə saldı

20 oktyabr tarixində İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının təşəbbüsü ilə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvləri arasında video-konfrans formatında görüş keçirilib. 21 oktyabr tarixində oxşar görüş Ermənistan Parlamentinin xarici əlaqələr daimi komissiyasının üzvləri ilə də təşkil edilib. Hər iki görüş İtaliya Senatının televiziya kanalı olan Senato Web TV (http://webtv.senato.it) və Senatın youtube (https://www.youtube.com/user/SenatoItaliano) səhifəsində canlı olaraq yayımlanmışdır.

Azərbaycan tərəfi ilə konstruktiv və dost mühitində keçirilmiş görüşdən fərqli olaraq Ermənistan parlamentinin üzvləri ilə görüş gərgin keçmiş, İtaliya senatorlarının sualları Ermənistan parlamentinin üzvlərini çətin vəziyyətə salmış və hətta Ermənistan Parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Ruben Rubinyan İtaliya senatorlarının qərəzli mövqe nümayiş etdirməkdə ittiham etməkdən belə çəkinməmişdir.

Görüşdə çıxış edən senator Laura Qaravini (Yaşasın İtaliya partiyası) Ermənistanın dünyada ən çox hərbiləşmiş ölkələrdən biri olduğunu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalını təsdiq etdiyini qeyd edərək Ermənistanın bu qətnamələrdən irəli gələn müddəaları nə vaxt icra edəcəyinə dair sual verib.

Senator Alessandro Alfiere (Demokratik Partiya) Minsk Qrupu çərçivəsində razılaşdırılmış baza prinsiplərinin Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasını, eləcə də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutduğunu bildirərək erməni həmkarlarından Ermənistanın bu prinsipləri qəbul edib-etmədiyini sorğu edib.

Senator Aldofo Urso (İtaliya Qardaşları) Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə həyata keçirərək Ermənistandan 250 min, Dağlıq Qarabağ regionundan 50 min və işğal edilmiş ətraf rayonlardan isə 700 minə yaxın azərbaycanlıların qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayaraq, Ermənistan tərəfindən nə zaman Azərbaycanın işğal etdiyi torpaqlarından çıxacağını və bu insanların öz torpaqlarına dönməsinə imkan yaradacağını soruşub.

Senator Canluka Ferrara (5 Ulduz Hərəkatı partiyası) isə münaqişənin həllinin beynəlxalq hüquqa əsaslanmalı olduğunu, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə görə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini söyləyərək Ermənistanın bu torpaqlardan niyə çıxmaq istəmədiyini sual edib.

İtaliya senatorlarının kəskin sualları qarşısında çıxılmaz vəziyyətdə düşən Ermənistan Parlamentin xarici əlaqələr daimi komissiyasının üzvləri, xüsusilə komissiyanın sədri Ruben Rubinyan hörmətsizlik nümayiş etdirərək İtaliya senatorlarını aqressiv formada məlumatsızlıqda və qərəzli olmaqda günahlandırmış və həmin suallara cavab verməkdən yayınmışdır. R.Rubenyanın bu davranışlarına İtaliya senatorları tərəfindən ciddi irad bildirmişdir. Habelə R.Rubenyanın avtoritar tərzi də diqqətdən yayınmamışdır və o öz erməni həmkarlarının danışmasını belə məhdudlaşdırmışdır.

Döyüş meydanında acı məğlubiyyətə məruz qalan düşmən beynəlxalq ictimaiyyətin ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyinə dözümsüzlük nümayiş etdirərək aqressiv reaksiya verərək əsl xislətini nümayiş etdirir. Göründüyü kimi öz davranışları ilə Ermənistan parlamentinin üzvləri bir daha öz ölkələrinin təcavüzkar obrazını özləri ifşa etmiş oldular.