Özbəkistan portalları: Ermənistanın Gəncə, Mingəçevir şəhərlərini atəşə tutması beynəlxalq konvensiyalara ziddir Siyasət

Özbəkistan portalları: Ermənistanın Gəncə, Mingəçevir şəhərlərini atəşə tutması beynəlxalq konvensiyalara ziddir

Özbəkistanın “Interpress.uz”, “kun.uz”, “qalampir.uz”, “zamin.uz” portalları Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərini, rayon və kəndlərini atəşə tutmasını pisləyir, bildirilir ki, yaşayış məntəqələrinin raket atəşinə tutulması beynəlxalq konvensiyalara ziddir.

AZƏRTAC xəbər verir ki, “Interpress.uz” portalı işğaldan azad olunmuş Zəngilandakı yarımdağıdılmış məscidi ermənilərin donuz damına çevirmələri ilə bağlı məqalə çap edib. Yazıda ermənilərin bu hərəkətinin beynəlxalq humanitar normalara zidd olduğu bildirilir və pislənir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğalda saxladığı vurğulanır, bu torpaqlardan qovulmuş 1 milyon adamın Azərbaycanın müxtəlif şəhər və rayonlarında sığınacaq tapdığı bildirilir.

“qalampir.uz” portalı Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla bildirir ki, oktyabrın 22-də Ermənistan Azərbaycanın Siyəzən rayonuna 3, Qəbələyə 2, Kürdəmirə 1ballistik raket atıb.

Qeyd olunur ki, Siyəzən, Qəbələ və Kürdəmir rayonlarına raket hücumları Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir.

“kun.uz” portalı bu məsələyə Türkiyənin mövqeyi ilə bağlı məqalə verib.

Yazıda bildirilir ki, Türkiyə müharibəyə siyasi dəstək verir və bundan sonra da verəcək.

Portal bildirir ki, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın münaqişə ilə bağlı deyib: “Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək”.

“zamin.uz” saytı İsrail eksperti Natəvan Rəşidova-Katsmanın münaqişə ilə bağlı fikirlərinə yer ayırıb. O bildirib ki, ASALA terror təşkilatı üzvlərinin Dağlıq Qarabağda vuruşması heç kimə sirr deyil. Ermənistan digər dövlətlərdən də Dağlıq Qarabağa çoxlu terrorçu gətirib və bu da bəlli faktdır.