Azərbaycan öz öhdəliklərinə sadiqdir Siyasət

Azərbaycan öz öhdəliklərinə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə şanlı Azərbaycan Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər yürüşü davam edir.
Müharibə eyni zamanda informasiya cəbhəsində gedir. Azərbaycan Prezidenti, Ali Baş Komandan informasiya savaşının da ön cərgəsindədir və dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrində ölkəmizin maraqlarını yorulmadan müdafiə edir.
Azərbaycan Prezidenti son 25 gün ərzində dünyanın 17 ən nüfuzlu televiziya kanallarına müsahibə verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son müsahibə və çıxışlarında dövlətimizin başçısı qələbənin yalnız hərbi yolla deyil, həm də siyasi yolla həll edilməsini mümkün sayır və qarşı tərəfə öz çoxsaylı itkilərinin qarşısını almaq, ağıllarını başlarına toplamaq və düzgün qərar qəbul etmək üçün imkanlar yaradır. Bu yanaşma ölkəsinin və xalqının qüdrətinə yaxşı bələd olan, ona sonsuz güvənən və mükəmməl orduya malik olan lider və sərkərdənin miskin düşmənə verdiyi son şansdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə verdiyi videomüsahibəsində də bu məsələləri yenidən gündəmə gətirib. Dövlətimizin başçısı növbəti dəfə bəyan edib ki,indiki halda ən önəmli məsələ Ermənistan və Azərbaycan rəhbərlərinin siyasi iradəsidir. “Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”.
Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır.
Azərbaycanın münaqişənin bütün mərhələlərdə - 27 il ərzində beynəlxalq hüquq çərçivəsində, BMT-nin Təhlükəsizlik Şurasının məlum qərarları əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tərəflərlə sıx təmas formatında işlənib hazırlanmış baza prinsipləri əsasında həll variantını dəstəkləyib və öz öhdəliklərinə sadiqliyini nümayiş etdirib. Ölkəmiz bu gün də həmin razılaşmalara sadiqdir. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin 5+2 formatında qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya dönmələridir. Bütün bunlar baza prinsiplərində qeyd olunub. Ermənistan tərəfi də müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Lakin son dövrdə, xüsusən Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi sərsəm ideyalar ucbatından danışıqlar dalana dirənib.
Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik nümayiş etdirdi.
Prezidentimiz müsahibələrində dəfələrlə bəyan edib ki, biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik.
Azərbaycan Prezidenti İlham Əliyev dünya ictimaiyyətini narahat edən, onlara qaranlıq qalan bir çox məsələlərə dəqiq, konkret, təkzibolunmaz faktlarla aydınlıq gətirib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti, münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyü, Laçın dəhlizi, cəbhədə guya Azərbaycan tərəfindən muzdluların döyüşməsi haqqında uydurmaların da nə qədər əssassız olduğunu tutarlı arqumentlərlə təkzib edib.
Prezident İlham Əliyev bildirib ki, indiyə qədər heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və xahiş etdik ki, hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin;
İndiyə qədər sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Azərbaycan Prezidentinə, xüsusi xidmətlərin rəhbərlərinə, Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edilir. İndi nə istəsən yazmaq olar. Ona görə Azərbaycan bu yanaşmanı əsla qəbul etmir və bəyənmir.
Prezident TASS əməkdaşının Laçın dəhlizi mövzusunda sualını cavablandırarkən o dəhlizlə yanaşı, bütün digər kommunikasiyaların, həmçinin, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların da müzakirə mözvusu olduğuna vurğu etdi. Prezident ona da vurğu etdi ki, Ermənistan ciddi şəkildə silahlanır və bu bölgədə təhlükəsizliyi pozur.

Rusiya informasiya agentliyinə müsahibədə açıq şəkildə deyildi ki, Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir: “ “Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”.

Bu döyüş haqq döyüşüdür
Qoy, üzümüz ağ olsun
Mərd igidlər itirsək də
Vətən, başın sağ olsun!
Baş komandan ümid yeri
Gözlərə çıraq olsun
Qolu bağlı Ağdam, Şuşa
Laçın bizi gözləyir
Yağı düşmən, durun- qaçın
Vətən bizi səsləyir
Haqq da bizim tərəfdədir
Göylər də dua deyir
Vətən oğlu yekdil olsa
Vətən heç vaxt basılmaz
İndi qisas zamanıdır
Qisas uzağa qalmaz
Azərbaycan bir günəşdir
Doğan günəş solamaz
Düşmənlər qarşımızda tezliklə xar olacaq
Adımız tarixlərdə qəhrəman tək qalacaq
Haqqımız üz ağlığı və istiqlal olacaq
Qarabağı almağa inamla söz veririk
Bu yerlərdə qalmağa inamla söz veririk!

Tufan Tarverdiyev

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru