XİN-in İşlər idarəsinin sabiq müdirinin həbs qətimkan müddəti uzadılıb Siyasət

XİN-in İşlər idarəsinin sabiq müdirinin həbs qətimkan müddəti uzadılıb

Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sabiq sədri Fərhad Molla-zadənin barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Trend-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, F.Molla-zadənin barəsində seçilən həbs qətimkan tədbiri daha 4 ay uzadılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər barədə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bir müddət əvvəl Səbail rayon Məhkəməsinin qərarı ilə F. Bağırov, N. Abdullayev, İ. Əliyevin barələrində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.