Dağlıq Qarabağda referendum ermənilər üçün sonuncu arzu ola bilər - Deputat Siyasət

Dağlıq Qarabağda referendum ermənilər üçün sonuncu arzu ola bilər - Deputat

Dağlıq Qarabağ Azərbaycandır! Bu ifadə sözdə deyil, artıq gerçəkdir. Başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla Rəşadətli Azərbaycan Ordusu bizə bu sevinci yaşadır. Sentyabrın 27-dən cəbhədə erməni təcavüzkarları tərəfindən başladılan əməliyyatlar müsbət sonluğa yaxınlaşmaqdadır. Artıq Cəbrayıl, Füluli, Zəngilan düşmən işğalından azad olunub.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ tarixi və əzəli Azərbaycan ərazisidir. 30 ilə yaxın müddətdə ermənilər bu əraziləri məhv etməklə yanaşı orada ikinci Ermənistan dövləti yaratmaq istəyiblər. Anacaq biz heç zaman buna imkan verə bilmərik:

“Cənab Prezident bu barədə dəfələrlə qeyd edib. Ötən gün Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində bu fikirlərə yer ayıran dövlətimizin başçısı bildirib ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Dövlət başçısı onu da bildirib ki, öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların "müstəqil" Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr, nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.

İ.Yusifov onu da vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağda cənnət yaradacaq. İşğaldan azad olunan torpaqlarımızda yeni-yeni infrastruktur obyektləri və digər müəssisələr fəaliyyət gösrəcək, orada yaşayacaq vətəndaşlarımızın təminatları ən yüksək səviyyədə ödəniləcək. Azərbaycan dövlətinin qüdrəti sayəsində ərazi bötüvlüyümüzün təmin oluması ilə yanaşı, hər bir vətəndaşımız xoşbəxt və firavan yaşayacaq.