Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi Siyasət

Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi

Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra - oktyabrın 23-də CNN kanalına müsahibə verib.

Xanım aparıcı Kristin Amanpurun qonağı olan Mnatsakanyan ona ünvanlanan çətin suallar qarşısında aciz qalıb. O, müsahibənin əvvəlində humanitar atəşkəsi kobud şəkildə pozan və mülki şəxslərə qarşı təcavüz edən Ermənistanı müdafiə etmək üçün bəhanələr tapmağa çalışıb. Lakin aparıcı Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb.

Mnatsakanyan aparıcının bununla sualı qarşısında özünü itirir, bir müddət əvvəl BBC-yə müsahibəsi zamanı çətin vəziyyətə düşən baş nazir Paşinyan kimi mövzunu dəyişməyə cəhd edir. Ardınca Kristin Amanpur Paşinyanın açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini özündə əks etdirən “Qarabağ Ermənistandır və nöqtə” açıqlamasını yada salır və erməni nazirdən Paşinyanın bu millətçi və təxribatçı açıqlamasının nəyə hesablandığını soruşur. Mnatsakanyan isə yenə suala cavab verməkdən yayınır və iddia edir ki, bu cür bəyanatlar verməklə Paşinyan yalnız Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyində Ermənistanın rolunu düşünüb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan “HardTalk” verilişinin qonağı olarkən də oxşar vəziyyətlə qarşılaşmışdı. Verilişdə aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi obyektiv və həqiqəti əks etdirən suallara cavab verərkən də biabır olmuşdu.