Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə bir təhrikdir - Deputat Siyasət

Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə bir təhrikdir - Deputat

MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev növbəti cəfəng bir fikir səsləndirib. Həmin fikrə görə, guya müharibə uzanacağı halda Ermənistanın Azərbaycanın neft-qaz infrastrukturuna qarşı “İsgəndər” raketlərindən istifadə etmək hüququ var. Yevseyevin bu sərsəm fikri beynəlxalq hüququn ciddi pozulması olmaqla yanaşı hərbi cinayətə bir təhrikdir.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Yevseyevin bu yanaşması həmçinin təcavüzü təbliğ etmək anlamındadır: “Birincisi, neft-qaz infrastrukturu mülki obyektlərdir və eyni zamanda həmin mülki obyektlərdə çoxsaylı mülki insanlar çalışırlar. Deməli burada söhbət həm mülki obyektlərin, həm də orada çalışan mülki insanların hədəfə alınmasından gedir. Mülki obyektləri və insanları hədəfə almaq beynəlxalq hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdıdır.

Yevseyevin belə sərsəm fikiri göstərir ki, özünü elm adamları kimi təqdim edən Yevseyev kimi ermənipərəst insanlar öz elmi fəaliyyətlərini işğal və təcavüz faktına dəstək vermək üçün istifadə edirlər. Onların elmi fəaliyyəti işğala və təcavüzə haqq qazandırmaq mənafeyinə xidmət edir ki, bunu da artıq elm ictimaiyyəti qəbul edə bilməz.

Digər tərəfdən özünü alim kimi təqdim edən Yevseyev çox böyük saxtakarlığa yol verərək Azərbaycanı təcavüzkar kimi təqdim etməyə cəhd edib. Görünür bu “elm adamı”nın nə tarixdən, nə beynəlxalq hüquqdan, nə də coğrafiyadan xəbəri var. Ancaq Yevseyevin belə cəfəng fikir səsləndirməsi əslində onun məlumatsızlığıdan deyil, saxtakarlığından irəli gəlir.

Əminəm ki, Yevseyev BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrindən xəbərsiz deyil. 30 ildir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub. Ona görə də bu onu göstərir ki, Yevseyev kimi ermənipərəst adamlar təcavüskarın yanında yer alırlar və onun ideloquna çevrilirlər. Yevseyev kimi saxtakar adamlar elm adına bir ləkədir. Hesab edirəm ki, Rusiyanın müvafiq qurumları belə təhrikedici fəaliyyətlə məşğul olan insanlara qarşı müvafiq hüquqi müstəvidə ölçülər götürməlidir”.