İşğal altındakı torpaqlarımızın azad edilməsi yolunda Azərbaycana heç bir qüvvə mane ola bilməz Siyasət

İşğal altındakı torpaqlarımızın azad edilməsi yolunda Azərbaycana heç bir qüvvə mane ola bilməz

Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində bəzi beynəlxalq təşkilatların və Ermənistanın havadarlarının təzyiqləri, bəzən də təhdidləri davam edir. Bütün bunlara baxmayaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu təzyiqlərə sinə gərərək ərazi bütövlüyümüzün təmin olunması yolunda mübarizəni davam etdirir. Sentyabrın 27- də təcavüzkar Ermənistanın başladığı genişmiqyaslı təxribatları sonradan müharibəyə çevirməsi işğalçı ölkənin özünə baha başa gəldi.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov deyib.

K.Seyidov qeyd edib ki, məğlub olduğunu açıq şəkildə hiss edən Nikol Paşinyan 2 dəfə ağ bayraq qaldıraraq humanitar atəşkəsə razılıq verdi. Azərbaycan və Ermənistan arasında bu il 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilməsi artıq hər kəsə bəllidir. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu. Dövlətimizin başçısı da bu məsələyə münasibət bildirərkən dedi ki, iki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq. Hər iki atəşkəsdən dərhal sonra Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri, sərhədboyu ərazilərdən xeyli kənarda olan Gəncənin mülki əhali yaşayan məntəqələrini raket atəşinə tutdu.

Cəbhə zonasında yerləşən digər rayonlar da artilleriya və raket atəşinə məruz qaldı. Nəticədə 65 dinc sakin vəfat edib, 297 nəfər yaralanıb. Bütün bunlara baxmayaraq, rəşadətli Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin düşməndən azad edilməsi yolundan geri çəkilmir. Bu yolda bizə heç bir qüvvə mane ola bilməz. Dövlət başçımızın xalqa müraciətində ötən gün daha 17 yaşayış məntəqəsinin də erməni işğalından azad edildiyini bildirdi. 27 illik işğaldan sonra azad edilmiş kəndlərimizin sayı 165-ə çatdı.

Dünya liderliyinə iddialı ölkələrin xahişləri və bəzən də təzyiqləri fonunda artıq üçüncü humanitar atəşkəs barədə razılıq əldə edildi. Əslində, Ermənistanın havadarları açıq şəkildə görürdülər ki, Azərbaycan Ordusu işğalçılara göz açmağa imkan vermir. Necə deyərlər, “zavallı ermənilər”in xilası naminə daha bir humanitar atəşkəsə nail oldular. ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı bu gün saat 08-dən qüvvəyə minib. Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “münaqişənin diplomatik həlli yoxdur” deyən Nikol Paşinyan yenə də ağ bayraq qaldırıb. Bu dəfə danışıqlar üçün ABŞ-a yalvarıb.

Artıq Paşinyan özünü sülh tərəfdarı kimi göstərir və kompromislərdən danışır. Sanki uşaqların, günahsız insanların qətlə yetirilməsinə, dinc əhalinin qadağan olunmuş silahlardan atəşə tutulmasına göstərişi o, verməyib. Bəs indi nə baş verdi ki, faşist ideologiyasının tərəfdarı birdən-birə sülhsevər oldu?

Lakin bu humanitar atəşkəs də Ermənistan tərəfindən kobud şəkildə pozuldu və Azərbaycan yenə də haqlı olaraq düşmənə qətiyyətli cavab verdi. Təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu da onu göstərirdi ki, Ermənistan bu humanitar atəşkəsə də riayət etməyəcək. Elə də oldu. Erməni xisləti yenə də özünü göstərdi. Bütün bunlara baxmayaraq, dövlətimizin başçısının dediyi kimi, işğal altında olan bütün torpaqlarımız tam azad ediləcək.