Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır - Deputat Siyasət

Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır - Deputat

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun qəhrəman əsgərləri doğma torpaqlarımızı, babalarımızın tikdiyi şəhər və kəndləri erməni-faşist işğalçılarından azad edərək yeni dövrün yeni tarixini yazırlar.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin xalqa müraciətində də qeyd etdiyi kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki, bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir: "Amma bu qətnamələri 28 il bundan əvvəl qəbul etmiş bugünkü Minsk Qrupu həmsədrləri öz üzərlərinə götürdükləri vəzifələri nəinki yerinə yetirmirlər, həm də mənəvi məsuliyyətdən yayınırlar. Bu illər ərzində onlar yurd-yuvasından qovulmuş 800 min azərbaycanlı məcburi köçkünün yanında olmadılar. Əksinə, azərbaycanlılara qarşı soyqrımı törətmiş, etnik təmizləmə aparmış, yüzlərlə kəndləri, şəhərləri yer üzündən silmiş erməni-faşist işğalçıları birlikdə oldular, onlara dəstək verdilər. Hətta Nikol Paşinyanla rəqs etməkdən, şelfi çəkdirməkdən belə çəkinmədilər. Robert Koçaryan kimi qatilin yanında olmaqdan zatulinlər qürur duydular. Bunu unutmaq biz məcburi köçkünlər üçün çox çətin olacaq.

Düşünmək olardı ki, bəlkə onlar azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımında mənəvi məsuliyyət daşıdıqlarını nəhayət dərk edərək, azərbaycanlı məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə dəstək verəcəklər.

Amma əfsuslar olsun ki, Minsk qrupunun bütün fəaliyyəti indi də təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni ballistik raketlərlə bombalayaraq uşaqları, qadınları, qocaları qətlə yetirən Ermənistanı xilas etməkdir. Onlar nəinki haqq-ədalət tərəfində deyillər, hətta neytral olmaqdan belə imtina edirlər. Açıq-aşkar Azərbaycan xalqına, dövlətinə qarşı qarayaxma kampaniyalarına rəvac verirlər, böhtanlar yağdırılar, şərləmək istəyirlər. Onlara biz məcburi köçkünlərin bir sualı var: Hardandır sizdə bu qədər kin-kudrət, nifrət Azərbaycan xalqına? Hardan? Bəs insanlıq, bəşəri dəyərlər sizin vicdanınızı heç ağrıtmırmı.

Əgər sizlər qərara gəlmisinizsə ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində məskən salmış 65 min ermənini silahlandırıb, əslində isə bütün Ermənistanı bizə qarşı qoyacaqsınız və onlar sizlərin köməyi ilə qələbə çalacaq, yanılırsınız, cənablar. Bu gün Qarabağdan didərgin saldığınız, 28 il dözülməz acılar yaşatdığınız 800 min məcburi köçkün silaha sarılaraq öz mövcudluğu, viran qoyduğunuz evləri uğrunda son damla qanlarına qədər vuruşurlar. Bir yaşında doğma evini tərk etmiş uşaqlar indi 28 yaşında əlində silah öz evlərinə dönürlər və onların nə geriyə yolu yoxdur, nə də haqqı. Çünki bu bizim Vətən uğrunda, doğma yurdumuz uğrunda müqəddəs savaşımızdır. Heç bir qüvvə bizi dayandıra bilməz, nə bu gün, nə də sabah! Biz doğma yerimizə qayıdırıq birdəfəlik!
Prezident İlham Əliyevin dediyi kimi, - biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.

Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”