"Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək” Siyasət

"Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək”

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdama səfər edib.

Bununla bağlı Birinci xanım Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib.

Birinci xanım Mehriban Əliyevanın paylaşdığı videoda Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlara keçdiklərini, istiqamətin Ağdam şəhəri olduğunu bildirib.

“Ağdam şəhərini və işğal altında olmuş rayonunun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək, məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Prezident İlham Əliyev Ağdama gedən yolda düşmənin müdafiə xətlərini göstərərək deyib ki, Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti olub.

Dövlətimizin başçısı Ağdamda salamat bina qalmadığını, hamısının dağıdıldığını deyib.

Prezident bildirib ki, düşmən evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə edib: "Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər. Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub. Hansı vəhşilərlə biz üz-üzəydik, hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir".