Parisdə Fransanın sabiq prezidentinə qarşı işin baxılmasına başlanılıb Siyasət

Parisdə Fransanın sabiq prezidentinə qarşı işin baxılmasına başlanılıb

Paris məhkəməsi korrupsiya və nüfuz alverində günahlandırılan Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı işə baxmağa başlayır, siyasətçi məhkəmə iclasına gəlib. Sarkozi sürətlə məhkəmə zalına girərək prosesi izləyən çoxsaylı media nümayəndələrinin suallarını cavablandırmayıb.

Bazar ertəsi başlayan dinləmələrin dekabrın 10-dək davam edəcəyi gözlənilir. Söhbət “dinləmə işi”ndən gedir. İş üzrə təqsirləndirilənlər arasında Sarkozinin vəkili Tyerri Erzoq və Kassasiya Məhkəməsinin keçmiş yüksək rütbəli məmuru Jilber Aziber də var.

İstintaqın versiyasına görə, keçmiş Fransa lideri vəkili Erzoq vasitəsi ilə Fransanın “L'Oreal” şirkətinin varisi Lilian Bettencur tərəfindən 2007-ci ildə Sarkozinin prezidentlik kampaniyasının mümkün qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı başqa bir istintaqla bağlı gizli məlumat qarşılığında Aziberə Monakoda vəzifə almasında kömək edəcəyinə dair söz verə bilərdi.

Sarkozi ona qarşı irəli sürülən ittihamları rədd edir. BFMTV telekanalının efirində keçmiş lider xüsusilə Aziberin Monakoda heç bir vəzifə almadığını vurğulayıb.

Qeyd edək ki, Sarkoziyə qarşı digər – onun 2012-ci ildəki seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı məhkəmə prosesi gələn ilin yazında başlamalıdır.