Əli Əhmədov: "Bütün insanların COVID-19-a qarşı peyvəndlərə əlçatanlığı təmin olunmalıdır" Siyasət

Əli Əhmədov: "Bütün insanların COVID-19-a qarşı peyvəndlərə əlçatanlığı təmin olunmalıdır"

Noyabrın 25-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin videokonfrans formatında 34-cü iclası keçirilib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İCAPP-ın Daimi Komitəsinin 34-cü iclasında iştirak edib.

İclasın açılışında çıxış edən İCAPP-ın həmsədri Xose de Venesia bu il təşkilatın yaranmasının 20 ilinin tamam olduğunu bildirib.

Xose De Venesia qeyd edib ki, hazırda bütün dünya COVİD-19 pandemiyası ilə mübarizə aparır.

Pakistanın nümayəndəsi Müşahid Hüseyn Sayed isə pandemiyanın yaratdığı çətinliklərdən danışıb və qeyd edib ki, virusa qarşı peyvəndin hazırlanması işi təqdirəlayiqdir. Pakistan nümayəndəsi həmçinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından əldə olunan nəticələri də bu ilin vacib hadisələrindən biri kimi dəyərləndirib.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov qeyd edib ki, bu gün dünyada insanlar pandemiyadan ciddi şəkildə əziyyət çəkir, pandemiya insan sağlamlığına zərər vurmaqla yanaşı, ölkələrin iqtisadiyyatına və sosial həyatına da mənfi təsir edir.

YAP Sədrinin müavini çıxışında diqqətə çatdırıb ki, yaxın zamanlarda hazırlanacağı gözlənilən peyvəndlərə bütün insanların əlçatanlığı təmin olunmalıdır: “Məlumdur ki, dünyada 1.2 milyard insan yoxsulluq həddində yaşayır. Koronavirusa qarşı peyvəndin qiyməti isə 30-50 dollar civarında qiymətləndirilir. Ona görə də, yoxsul insanların özlərinin hesabına bu qiymətə peyvəndə əlçatanlığı problemlidir. Həmin insanların peyvəndə əlçatanlığını təmin etmək üçün 30-40 milyard dollar civarında vəsaitə ehtiyac var. Ona görə də, beynəlxalq səviyyədə bu peyvəndin çatdırılması ilə əlaqədar layihə hazırlanmasa, ehtiyacı olanların onu əldə etməsi çətin olacaq. Hesab edirəm ki, yoxsul əhalinin əhəmiyyətli bir hissəsinin Asiya regionunda olduğu nəzərə alınaraq İCAPP COVİD-19 pandemiyası qarşı mübarizə ilə əlaqədar bu məsələdə təşəbbüslər irəli sürə bilər”.

Əli Əhmədov çıxışında həmçinin beynəlxalq hüququn dünyada tətbiqi məsələsinə də toxunub: “44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu, ədalətin bərpası deməkdir. İCAPP beynəlxalq hüququn prinsiplərinin daha ciddi və sistemli şəkildə tətbiq olunmasının vacibliyi ilə bağlı təşəbbüsü dəstəkləmək istiqamətində addımlar ata bilər. Bu baxımdan, mən Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə gələn ilin bu zamanlarında “Sülh və əməkdaşlıq naminə dialoq: siyasi partiyaların rolu” mövzusunda beynəxlaq konfransın keçirilməsini təklif edirəm. İCAPP bu tədbirin keçirilməsində yaxından iştirak edə bilər”.

Tədbirdə həmçinin, Livanın nümayəndəsi Fadi Favaz, Nepalın nümayəndəsi Suzata Korola, Kambocanın nümayəndəsi Kuon Sudari, Hindistanın nümayəndəsi Vicay Colmi və başqaları çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Sonda iclasın gündəliyində olan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.