Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa edir, həm də bəşəriyyətin ortaq dəyərlərini məhv olmaqdan xilas edir - Könül Nurullayeva Siyasət

Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa edir, həm də bəşəriyyətin ortaq dəyərlərini məhv olmaqdan xilas edir - Könül Nurullayeva

Azərbaycan 30 ilə yaxın bir vaxtda öz ərazi bütövlüyünün təmin olunması üçün bütün istiqamətlərdə öz mövqelərini möhkəmləndirdi.

Trend-in məlumatına görə, bunu deputat Könül Nurullayeva deyib.

O bildirib: "Biz uzun illər erməni işğalı altında qalan tarixi torpaqlarımızı öz gücümüzlə, əzmimizlə azad edirik. Ötən gün şanlı Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu. Kəlbəcərin düşmən tapdağından azad olunması ilə bağlı Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də bəyan etdi ki, biz öz ərazilərimizi işğaldan azad etməklə həm də erməni faşizmini məhv etdik. Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu. Çünki düşmən Kəlbəcər də daxil olmaqla düşəmn bizim digər tarixi torpaqlarımızda da günahsız insanları öz dədə-baba yurdundan vəhşicəsinə qovmaqla yanaşı, bu ərazilərdəki tarixi abidələrə və təbiətə də böyük ziyan vurmuşdur.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, işğaldan azad olunan ərazilərdəki bütün tarixi abidələr - məscidlər, kilsələr bizim tarixi sərvətimizdir. Bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Amma erməni saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdirməyə çalışıblar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza. Dövlət başçımızında qedy etdiyi kimi, bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır.

27-30 il işğal altında qalmış Azərbaycan torpaqlarında yerləşən dini abidələrimizə qarşı törədilmiş vandalizm bütövlükdə bəşəri cinayətdir. Bu illər ərzində işğal olunmuş ərazilərdə İslam dininə məxsus abidələrin vəhşicəsinə dağıdılması, qədim alban tayfalarına məxsus dini və tarixi məbədlərin özününküləşdirilməsinə əksər beynəlxalq təşkilatların və dünya dövlətlərinin münasibət bildirməməsi isə sadəcə təəssüf doğurur. Ermənistan isə beynəlxalq səviyyədə yaranmış bu boşluqdan sui istifadə edərək, bu gün guya dini abidələrin təhlükə altında olmasına dair cəfəng çağırışlar edir. Amma dünya birliyi də görür ki, Azərbaycanda etnik və dini zəmində tolerantlıq yüksək səviyyədədir, ölkəmizdə bütün dinlərə məxsus abidələr ən yüksək səviyyədə müfahizə olunur. Bu səbəbdən Prezident İlham Əliyevin də hər zaman bəyan etdiyi kimi, erməni şovinizminin havadarlarının Azərbaycan ərazisindəki dini abidələrlə bağlı narahatlığının heç bir əsası yoxdur. Azərbaycan multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərində dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək, onların dövlət səviyyəsində qorunmasını təmin edəcək. Bizim İslam dini və ümumiyyətlə bütün dinlərə məxsus dəyərlərə və dini-tarixi abidələrə münasibətimiz eynidir-bu abidələrin hər biri bəşəriyyətin ortaq dəyəridir".