Cəmiyyəti radikalların perspektivsiz tezislərinə yox, torpaqlarımızın azad edilməsi reallığına inanır - Ekspert Siyasət

Cəmiyyəti radikalların perspektivsiz tezislərinə yox, torpaqlarımızın azad edilməsi reallığına inanır - Ekspert

Ərazilərimizin işğaldan azad edilməsi kimi ümummilli məsələdə çox təəssüf ki, radikal müxalifətin ənənəvi kiçik kəsimi yenə də sonadək cəmiyyətimizin mütləq əksəriyyəti ilə bir sırada dayana bilmədi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, "Milli Şura" adlanan qurumun təmsilçilərinin Fransa senatının Azərbaycana açıq düşmən qərarına qarşı heç bir prinsipial mövqe göstərə bilməməsi bağışlanmazdır və həmin qüvvələrin bəzi beynəlxalq dairələrlə dövlətçiliyimizə zidd qeyri-şəffaf əməkdaşlıqlar içində olduğuna dair şübhələri daha da artırır: "Bu qüvvələr yersiz təftişçiliklə Azərbaycanın 44 günlük müharibədə göstərdiyi unikal hərbi taktikanın və misilsiz qələbənin əhəmiyyətini azaltmaq və gözdən salmaq üçün müxtəlif cəhdlər göstərir. AXCP və Müsavatın qələbənin nəticələrini qaralamaq cəhdlərinin Kəlbəcərin dinc şəkildə azad edilməsindən sonra daha da fəallaşması onun ifadəsidir ki, bu qüvvələr 28 il əvvəl hakimiyyətdə olarkən Kəlbəcərin, Laçın və Şuşanın itirilməsinə görə birbaşa məsuliyyət daşıdıqlarını unutdurmaq istəyirlər. Radikallar Dağlıq Qarabağın ətrafındakı torpaqlar tam azad edildikcə xalqın nəzərində daha kəskin ittiham subyektləri olacaqlarını yaxşı hiss edir və əslində uğursuz üsullarla özlərini xalqın qəzəbindən qorumaq istəyirlər. 10 noyabr atəşkəs razılaşması nəticəsində ətraf rayonlarımızın tam azad edilməsinə qısqanc münasibət AXCP - Müsavat qüvvələri üçün məhdud siyasi maraqlardan irəli gələn antimilli mövqedir. Sənədə inkarçı mövqenin ardınca Fransa senatının düşmən qərarına heç bir ittihamçı münasibətin ortaya qoyulmaması prinsipcə bir-birini tamamlayır. Azərbaycanın mütləq əksər siyasi qüvvələri Fransa senatının qondarma respublikanı tanımaq qərarı əleyhinə prinsipial mövqe ortaya qoyduğu halda, Milli Şura və Müsavatın fərqli davranması ərazi bütövlüyümüzə qəsd edən beynəlxalq qüvvələrlə həmrəylikdən başqa bir şey deyil. AXCP və Müsavat yandaş qüvvələrlə birlikdə ümummilli mısələlərə münasibətdə cəmiyyətimizin mütləq əksəriyyəti ilə bir yerdə ola bilmədiklərini növbəti dəfə nümayiş etdirirlər".

Ekspert bildirib ki, bu qüvvələrin 10 noyabr atəşkəs sənədini və rayonlarımızın ən qısa yollarla azad edilməsini təftiş və inkar etmələrinin heç bir perspektivi yoxdur: "Fransa senatının qondarma qurumu tanımaq qərarına sükutla yanaşmaq isə ümummili mənafe məsələlərini siyasi düşmənçilik səviyyəsinə endirmək deməkdir. Bu gün Azərbaycan cəmiyyəti radikalların perspektivsiz tezislərinə yox, torpaqlarımızın işğaldan azad edilməsi reallığına birmənalı şəkildə inanır. Radikalların uğursuz təftişçilik və qərəzli inkarçılıq mövqeyi cəmiyyətin Prezidentə nümayiş etdirdiyi dəstəyi qətiyyən zədələyə bilməz. Xalqın Prezidentə verdiyi dəstəyin istənilən çətin problemin ən asan həlli yolu olduğuna 44 günlük müharibədə qəti inam yarandı".