Azərbaycan öz qələbəsi ilə yeni reallıqlar yaratdı – TƏHLİL Siyasət

Azərbaycan öz qələbəsi ilə yeni reallıqlar yaratdı – TƏHLİL

Azərbaycan tarixinə daha bir gün qızıl hərflərlə yazıldı. Dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Bu, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Vətən müharibəsində işğalçı ölkə ordusuna vurulan sarsıdıcı zərbələr, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı: “Belə ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi və artıq hər üç rayon Azərbaycan ordusunun nəzarəti altındadır. Bu, hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı oldu”.

Deputat bu qələbənin ötən 17 il ərzində həyata keçirilən siyasət nəticəsində əldə edildiyini deyərək, 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin yeni reallıqlar yaratdığını da bildirib:

“Cənab Prezidentin dekabrın 1-də xalqa müraciətində bəyan etdiyi kimi, bütün bu illər ərzində gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. “Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək” deyən dövlət başçısı əlavə etdi ki, bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun.

Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir. Beləliklə, cənab Prezidentin bəyan etdiyi kimi bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı Azərbaycan yaratdı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik və beynəlxalq hüquq praktikasında, o cümlədən bölgəmizdə yeni reallıq yaratdıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik və işğala son qoyduq. Bir sözlə, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik”.

V.İskəndərov açıqlamasında onu da bildirib ki, bütövlükdə azad edilmiş bölgələrin, o cümlədən Laçın rayonunun iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür:

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Laçın rayonunun aqrar, sənaye və turizm resursları ilə bağlı təhlilində də qeyd olunduğu kimi, Laçın rayonunda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq (ümumi ehtiyatları 1124 ton), əhəng istehsalına yararlı Laçın əhəngdaşı (ehtiyatları 4457 min ton) və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı (ehtiyatları 2533 min kubmetr), mişar daşı istehsalına yararlı Ağoğlan, Əhmədli (ümumi ehtiyatları 5125 min kubmetr), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil (ehtiyatları 998 min kubmetr) yataqları və istismar ehtiyatları 430 min kubmetr/gün olan Minkənd mineral su yataqları var. Bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə mərmər, əhəng sexləri, 2 daş karxanası fəaliyyət göstərib.

Bu, bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Nəzərə alsaq ki, Qarabağın inkişafında əsas inkişaf amili tikinti sektoruna yararlı xammal bazasıdır, Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaq. Laçın rayonunun bir sıra investisiyatutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yeri fermerlər üçün əlavə imkanlar yaradır. Bundan başqa, Laçın rayonu ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyi ilə seçilib. Dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması Laçın rayonun adı ilə bağlıdır. Sovetlər dönəmində rayonda yun və gön-dəri qəbulu müəssisəsi fəaliyyət göstərib. Bütün bu istiqamətlər gələcəkdə rayonun Qarabağın yüngül sənayesinin inkişafında dəstəkləyici faktora çevrilməyinə səbəb olacaq”.