Fransa Avropanın Ermənistanına çevrilir Siyasət

Fransa Avropanın Ermənistanına çevrilir

Fransa Azərbaycana qarşı növbəti dəfə təxribatçı addım atdı. Senatın ardınca Fransa Milli Assambleyasının separatçılara dəstək məqsədilə qətnamə qəbul etməsi bu ölkənin Parlamentinin Azərbaycana qarşı davamlı kampaniya aparmasından xəbər verdi.
Artıq rəsmi Bakı məsələyə reaksiya verib, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı mövqeyini açıqlayıb. Qeyd olunub ki, “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” qətnaməsinin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışırlar.
Politoloq İlqar Vəlizadənin qənaətinə görə, əslində Senatdan sonra Milli Assambleya üzvlərinin ortaya belə anormal yanaşma qoyması Fransanın öz maraqlarına ziddir. Bu cür təxribatçı addımlar ümumilikdə dövlətin siyasi və iqtisadi maraqlarına, nüfuzuna mənfi təsir göstərəcək:
“Biz hər halda aktiv şəkildə bu məsələləri diqqətdə saxlamalı və gələcəkdə müxtəlif platformalarda, ATƏT, yaxud da digər Şərq Tərəfdaşlığı kimi platformalarda göstərməliyik ki, belə qərəzli addımlar ölkəmizin Qərbyönümlü siyasətinə mənfi təsir edir. Fransanın məlum təxribatları Azərbaycanın Qərbə inteqrasiyasında əyləc qismində çıxış edir. Yəni Parisdən gələn qərəzli addımların rəsmi Bakının Qərb ölkələri ilə münasibətləri inkişaf etdirməyə mane olduğunu açıb ortaya qoymalıyıq. Biz tez-tez Avropa İttifaqı rəsmilərinin dilindən eşidirik ki, Azərbaycan Avropaya aktiv şəkildə inteqrasiya etməlidir. Amma Fransa rəsmilərinin bu cür yanaşmaları haqlı olaraq bizi məlum inteqrasiyadan çəkindirəcək. Fransanın tərsliklə ermənipərəst mövqe sərgiləyib təxribatlara getməsi Avropa siyasəti və iqtisadiyyatına da çox ciddi mənfi təsir göstərir”.

Münaqişənin həll olunmasına baxmayaraq, fransızların niyə narahat olmasına gəlincə, politoloq qeyd edib ki, son zamanlar ölkəmizə qarşı Fransadan başqa kimsə sərt mövqe sərgiləmədi. Buna ancaq Fransa Senatı və ya Milli Assambleya getdi: “Onlar məlum məsələlər ətrafında o qədər emosional və ermənipərəst çıxışlar edib, təxribatçı addımlar atırlar ki, öz xalqının və dövlətinin maraqlarını belə unudurlar. Fransız rəsmilərin son addımlarında hansısa normal məntiq görmək olmur. Çünki bütün hallarda hüquqi əsası olmayan qətnamələrə səs verən, onu hazırlayan şəxslər İrəvanı deyil, Fransanı təmsil edirlər. Ona görə də həmin şəxslər öz ölkələrinin maraqları nöqteyi-nəzərdən davranmalı idilər. Amma biz görürük ki, bu məsələlərdə Fransanın maraqları minimum səviyyədə saxlanıb. Ermənilərin isə əksinə... Əgər Fransa Avropada Ermənistan qismində çıxış etmək, fəaliyyətlər qurmaq istəyirsə, bunu açıq ifadə etməlidirlər. Avropanın Ermənistanı kimi görünmələrini gizlətməsinlər, Minsk Qrupundan da uzaqlaşsınlar. Əlbəttə, Azərbaycan kimi strateji bir ölkəni ikinci plana atmaq anormallıqdır”.
İlqar Verdizadənin sözlərinə görə, rəsmi Bakını müttəfiq kimi itirmək Parisə həm iqtisadi, həm də siyasi cəhətdən baha başa gələcək:
“Belə deyək, müqəddəs yer boş qalmır! Bu yeri digər Fransanın qonşuluğunda olan ölkələr ustalıqla doldura bilərlər. Məlum məsələlərin sonunda itirən yalnız fransızlar ola bilərlər. Bu ölkənin Ermənistanla olan münasibətlərində demək olar ki, heç bir perspektiv qalmayıb. Fransa-Gürcüstan münasibətlərinin də bir hissəsinə Cənubi Qafqaz prizmasından baxsaq, burada çox şeyin Azərbaycandan keçdiyini görərik... Çünki regionda həyata keçirilən mühüm layihələr Azərbaycanın vasitəsilə reallaşır. Həmçinin mühüm layihələrin təşəbbüskarı da Azərbaycandır. Əgər Fransa Gürcüstan siyasətini də normal və hərtərəfli inkişaf etdirmək, regionda aktiv şəkildə təmsil olunmaq niyyətindədirsə, Azərbaycanla sıx münasibətlər qurmalıdır. İstəmirlərsə, artıq bu fransızların öz problemləridir”.

Onu da qeyd edək ki, Milli Assambleyanın əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq.