Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir Siyasət

Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir

Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.

Bunu Prezident İlham Əliyev yanvarın 15-də Cıdır düzündə olarkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

Bu gün yanvarın 15-də səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə, bir daha bu gözəlliyi seyr edək, Şuşaya “Çox sağ ol”, “Gələn görüşlərədək” deyək. Biz qayıtmışıq öz doğma torpağımıza, Şuşanı azad etmişik. Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.

Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.