“Azərbaycan və Türkmənistan arasındakı saziş 2021-ci ilin ən uğurlu siyasi başlanğıclarındandır” Siyasət

“Azərbaycan və Türkmənistan arasındakı saziş 2021-ci ilin ən uğurlu siyasi başlanğıclarındandır”

“Azərbaycan və Türkmənistan arasındakı saziş 2021-ci ilin ən uğurlu siyasi başlanğıclarındandır. İki qardaş xalq, iki soydaş dövlətin arasında tarixi saziş imzalandı”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib. Onun sözlərinə görə, Azərbaycanda neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində mühüm mərhələ oldu. Məhz o dövrdən etibarən Azərbaycan geopolitik güc kimi formalaşmağa başladı. Ölkəmiz müstəqil olana qədər Azərbaycanda neft-qaz sənayesinin inkişafı məhz ulu öndərin diqqəti və qayğısı sayəsində inkişaf etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılmış siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanmasına nail olundu ki, Azərbaycanın sayəsində bütün Qafqazın dünyadakı iqtisadi çəkisi artdı.
Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün çalışıb və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib.Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı. Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir. Azərbaycan və Türkmənistan 21 yanvar sazişi ilə yeni bir tarixi mühiti ərsəyə gətirdi.”
Ekspert qeyd edib ki, bu gün əldə olunan razılaşma hər iki ölkəyə mühüm töhfələr verəcək: “Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. İki ölkənin siyasi əlaqələri bundan sonra daha da güclənəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağının anonsunu etmişdi. Aşqabad razılaşması həm də bu anonsun praktiki nəticəsidir. Bu saziş ölkəmizin neft-qaz ixracatçısı mövqeyini daha gücləndirəcək. Həmçinin, Azərbaycanın mühüm tranzit ölkə statusunu da da möhkəmləndirəcək. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Bu baxımdan sənədin digər dünya dövlətləri üçün də mübahisələrin həll olunmağı üçün mühüm dəyəri var. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələdirilir. Azərbaycan regionun lider dövlətlərindən biri kimi bütün geopolitik və iqtisadi layihələrin əsas simasıdır.”

Əli Zülfüqaroğlu