“Azərbaycan və Türkmənistan arasında imzalanmış Anlaşma Memorandumu iki dövlət arasında olan qardaşlığın bariz nümunəsidir” Siyasət

“Azərbaycan və Türkmənistan arasında imzalanmış Anlaşma Memorandumu iki dövlət arasında olan qardaşlığın bariz nümunəsidir”

Anar Məmmədov: “Dostluq” yatağı xalqların rifahının daha da yaxşılaşmasına xidmət edəcək”

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans formatında keçirilən görüşü çərçivəsində imzalanıb.
Ekspertlər Anlaşma Memorandumunun iqtisadi, strateji və tarixi əhəmiyyətini dəyərləndiriblər.
Millət vəkili Anar Məmmədov “Xalq Cəbhəsi”nə bildiridib ki, Azərbaycan və Türkmənistan arasında 21 yanvar 2021-ci il tarixində Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir və iki ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoyacaq. Onun sözlərinə görə, Bu hadisə Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addım olmaqla yanaşı bütövlükdə Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək: “Məlum olduğu kimi, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olub, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələr imzalanıb, eyni zamanda Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilib. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanması mühüm tarixi sənədlərdir.
Həmçinin Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Bu Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, Xəzəryanı ölkələrin xalqlarının rifahının daha da yaxşılaşmasına töhfə verdi. Konvensiyanın imzalanması bir daha sübut etdi ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur. Şübhə yox idi ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi təhlükəsizliyin və sabitliyin başlıca qarantı qismində çıxış edəcək. Bu gün artıq imzalanmış Memorandum Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevirilməsində mühüm enerji strategiyasını müəyyənləşdirmiş oldu, həmçinin enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradılmasında mühüm əhəmiyyət kəsb edəcək. Sənəd həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismar etməsi və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bununla Azərbaycan geoiqtisadi mövqeyini möhkəmləndirməklə yanaşı, tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək. Beləliklə, Azərbaycan və Türkmənistan arasında imzalanmış Memorandum iki dövlət arasında olan dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Sənədin imzalanması iki dövlətin iqtisadi potensiallarını artırmaqla yanaşı, 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı ərəfəsində əməkdaşlığın daha da genişləndirilməsinin təsdiqi kimi səciyyələndirilir”.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov hesab edir ki, Azərbaycan və Türkmənistan arasındakı saziş 2021-ci ilin ən uğurlu siyasi başlanğıclarındandır: “İki qardaş xalq, iki soydaş dövlətin arasında tarixi saziş imzalandı”. Onun sözlərinə görə, Azərbaycanda neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində mühüm mərhələ oldu. Məhz o dövrdən etibarən Azərbaycan geopolitik güc kimi formalaşmağa başladı. Ölkəmiz müstəqil olana qədər Azərbaycanda neft-qaz sənayesinin inkişafı məhz ulu öndərin diqqəti və qayğısı sayəsində inkişaf etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılmış siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanmasına nail olundu ki, Azərbaycanın sayəsində bütün Qafqazın dünyadakı iqtisadi çəkisi artdı.
Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün çalışıb və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib.Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı. Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir. Azərbaycan və Türkmənistan 21 yanvar sazişi ilə yeni bir tarixi mühiti ərsəyə gətirdi.”
Ekspert qeyd edib ki, bu gün əldə olunan razılaşma hər iki ölkəyə mühüm töhfələr verəcək: “Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. İki ölkənin siyasi əlaqələri bundan sonra daha da güclənəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağının anonsunu etmişdi. Aşqabad razılaşması həm də bu anonsun praktiki nəticəsidir. Bu saziş ölkəmizin neft-qaz ixracatçısı mövqeyini daha gücləndirəcək. Həmçinin, Azərbaycanın mühüm tranzit ölkə statusunu da da möhkəmləndirəcək. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Bu baxımdan sənədin digər dünya dövlətləri üçün də mübahisələrin həll olunmağı üçün mühüm dəyəri var. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələdirilir. Azərbaycan regionun lider dövlətlərindən biri kimi bütün geopolitik və iqtisadi layihələrin əsas simasıdır.”
Politoloq Əziz Əlibəyli diqqətə çatdırıb ki, Azərbaycan və Türkmənistan hökuməti arasında Aşqabadda imzalanan karbohidrogen resurslarlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ilə bağlı Anlaşma Memorandumu iki ölkə arasındakı münasibətlərin yüksələn xəttini göstərir və strateji addım olmasına işarədir. O, əlavə edib ki, ilk növbədə anlaşmanın indiki dönəmə təsadüf etməsində də müsbət rəmz axtarmaq olar: “Çünki Azərbaycan qalib dövlətdir. Dağlıq Qarabağda əldə etdiyi uğurlardan və ərazi bütövlüyünü bərpa etməsindən sonra Azərbayanın prestiji yüksəldi. Bu da Xəzərdə bu müqavilənin imzalanmasına ciddi şəkildə təsir etdi. Azərbaycan qüdrətli dövlətdir və Xəzər bölgəsindəki karbohidrogen ehtiyatlarının Avropaya çıxarılmasında müstəsna rola malikdir. Eyni zamanda hazır neft-qaz kəmərləri var. Bu eyni zamanda regionla Qərb arasında bir körpü yaratdı. Şübhəsiz ki, “Dostluq” yatağı ilə bağlı məsələnin həll olunması ciddi şəkildə böyük uğurdan xəbər verir. Birinci növbədə Azərbaycan öz lider dövlət olmasını təsdiq edir. İkincisi bundan sonra Türkmənistan artıq Azərbaycanın sahibi olduğu karbohidrogen dəhlizlərindən istifadə edəcək və Avropaya çıxış əldə edəcək. Üçüncü növbədə Azərbaycan artıq ötürücü ölkə rolunu oynayacaq ki, bu çox önəmli məsələdir. Dördüncü yanaşma ondan ibarətdir ki, Türkmənistanın daha güclü dövlətə çevrilməsi və daha güclü partnyor olması üçün bir növ arxasını Azərbaycana söykəməsi ciddi əsaslar yaradıb. Digər yanaşma ondan ibarətdir ki, Prezidentlərin anlaşma ilə bağlı çıxışlarında bir-birlərinə etdikləri jetslər, türk xalqları prizmasından sərgilədikləri mövqelər həm də bizim tariximizin bu günə təsirinin göstəricisidir. Nəhayət Türkiyənin bölgədə nüfuzunun artması buna həm də türk dünyası kontekstindən baxmaq üçün ciddi əsaslar yaradır. Ona görə bu cür məsələləri qiymətləndirəndə təkcə enerji resursları və maddi mənafe prizmasından deyil, siyasi, regional, enerji siyasətini diktə edən tərərf kimi Azərbaycanın nüfuzunun artıq regional çapda, eyni zamanda transxəzər bölgəsində də ciddi şəkildə artması kimi baxmaq lazımdır. Bütün bunların hamısı yekunda Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə əlaqələrinin inkişafının, qüdrətinin təsbiti deməkdir”.

Əli Zülfüqaroğlu