Prezident İlham Əliyevin irəli sürdüyü "3+3" formatı regionda yeni imkanlar yaradır - Politoloq Siyasət

Prezident İlham Əliyevin irəli sürdüyü "3+3" formatı regionda yeni imkanlar yaradır - Politoloq

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qələbəsi sadəcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşmadı, eyni zamanda cənab Prezidentin rəhbərliyi ilə yürüdülən düşünülmüş xarici siyasət regionda formalaşdırılan yeni geosiyasi konfiqurasiyasının yaranmasına gətirib çıxardı.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

O qeyd edib ki, yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri zamanı bir daha bunun şahidi olduq:

“Zərif nitqində bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “3+3” əməkdaşlıq formatı təklifinə uyğun olaraq regionun 6 ölkəsini ziyarət edəcək, yəni 5 üstəgəl İran. Deməli, Azərbaycan region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcını qoyan dövlət olmaqla yanaşı, həm də əməkdaşlıq formatını və regional aktorlarının yeri və rolunu müəyyən edir. Region ölkələrinin bir-biri ilə əməkdaşlıq etməsi isə bütün tərəflərin maraqlarına uyğun gəlir.

Regionda konvensional olaraq Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi mövcuddur. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi, Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkib, gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Azərbaycan və Türkiyə buna açıqdır. Belə ki, müharibədən sonra Azərbaycanın və Türkiyənin mövqeyi, verilən bəyanatlar bunu deməyə əsas verir”.

Politoloqun sözlərinə görə, ayrılıqda dəyərləndirdikdə, İranla-Azərbaycan arasındakı münasibətlər dostluq və əməkdaşlıq münasibətləri kimi xarakterizə olunur:

“Təkcə prezidentlər səviyyəsində 10-dan çox görüşlər keçirilmişdir. İki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr mövcuddur. Şimal-Cənub nəqliyyat dəhlizi, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. İki ölkə arasında 2020-ci il üzrə yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Regionda yaranmış yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sadəcə dövlət qurumları üçün deyil, eyni zamanda özəl investorlar üçün əməkdaşlığa geniş qapılar açır. Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla icra olunur. Əsas məsələ ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında İran yaxından iştirak etməkdə maraqlıdır.

Azərbaycanın sadəcə İranla deyil, Rusiya ilə də əməkdaşlığının geniş gündəliyi mövcuddur. Rusiya və Azəbaycan Prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar Rusiya ilə Azərbaycanın münasibətlərin inkişafına daha da təkan verir. Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər siyasi, iqtisadi, mədəni, humanitar sahədə sürətlə inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizindən birgə istifadə edir. Eyni zamanda Rusiya Şimal-Qərb Nəqliyyat Dəhlizinə qoşulub ki, bu da rusiyalı yükdaşıyanların Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır. Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır, burada mühüm əhəmiyyət kəsb edən amil iki ölkənin Prezidentləri arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasıdır”.

Politoloq qeyd edib ki, Azərbaycan sadəcə quru sərhəddinə malik olduğu dövlətlərlə deyil, eyni zamanda su sərhəddində olan qonşu ölkələrlə də əməkdaşlığa önəm verir:

“Belə ki, Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərmişdir və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış etmişdir. Azərbaycanın atdığı addımlar Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi konsensusun əldə edilməsinə xidmət etmişdir. Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün həm ikitərəfli, həm də çoxtərəfli formatlara üstünlük verilmişdir. Bu baxımdan da Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmışdır ki, bu, olduqca mühüm əhəmiyyətli bir tarixi hadisə olmaqla yanaşı, həm də dünya dövlətləri üçün bir mesajdır ki, Azərbaycan sülhsevər, əməkdaşlığa açıq, destruktiv siyasətdən kənar bir dövlətdir”.

Ş.Həsənova vurğulayıb ki, yeni yaranmış reallığı qəbul edən bütün ölkələr əməkdaşlıq formatına fokuslanmış vəziyyətdədirlər:

“Kommunikasiyaların açılması, əməkdaşlığın genişləndirilməsi regionun inkişafına gətirib çıxaracaq. Yeni yaranan reallığı istər region, istərsə də dünya dövlətləri qəbul edir. Belə ki, Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuan bildirib ki, Fransa şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırması üçün heç bir maneə yoxdur və onun səfəri yeni layihələrin başlanğıcını və münasibətlərin gələcək inkişafını ifadə edir. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ səfiri Örl Litzenberger görüşündə səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını bildirib.

Belə olan halda Ermənistan revanşizmi unudub bərpa və əməkdaşlıq prosesində yaxından iştirak etməlidir. Ermənistan aqressiv siyasətindən əl çəksə, perspektivdə konstruktiv siyasət nümayiş etdirsə, bu xətti Ermənistan dövləti və cəmiyyəti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, regionda reallaşdırılan layihələrə cəlb olunması mümkün ola biləcək ssenaridir. Cənab Prezident də dəfələrlə bildirmişdi ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün bütün regional layihələrdən təcrid olunub.

Nə qədər ki, gec deyil bu xalqın daha yaxşı həyat standartları şəraitində yaşamaları üçün region dövlətləri ilə ədavətə son qoymaq siyasi hakimiyyətlərinin ən düzgün qərarı olmalıdır. Bu gün Ermənistanda vəziyyət ağırdır, əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real adımlar atmalıdırlar. Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın. Bunu mesajını istər Azərbaycan tərəfi, istərsə də Türkiyə tərəfi açıq şəkildə vermişdir.

Azərbaycan Prezidenti dəfələrlə sülhlə bağlı baxışlar təqdim edib, onun reallığa çevrilməsini təmin etmək üçün ümumi səylərin vacibliyini vurğulayıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında altılı platformadan danışarkən bildirmişdi ki, lazım gələrsə altılı bir platforma da yarada bilərik. Belə ki, bunu Rusiya Prezidenti Putin də qəbul edib. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Yetər ki, Ermənistan tərəfindən müsbət addımlar atılsın. O zaman Türkiyə də sərhədlərini Ermənistanla aça bilər”.