“Şuşanın öz tarixi simasını bərpa edəcəyini səbirsizliklə gözləyirik” Siyasət

“Şuşanın öz tarixi simasını bərpa edəcəyini səbirsizliklə gözləyirik”

İlyas Hüseynov: “Hər kəs bilməlidir, torpaqları satan kimdir, onu əsarətdən qurtaran kim”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏIiyev Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimovu videoformatda qəbulu zamanı bir sıra önəmli məqamlara toxundu. Xüsusilə qeyd etmək lazımdır ki, azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu dövlət başçısının təşəbbüsü ilə yanvarın 19-da yaradılıb. Birinci təyinatın məhz Şuşa rayonuna olması da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacı hesab olunur. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. İndi əsas vəzifə Şuşanı qoruyub saxlamaq və dirçəltməkdir”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov dilə gətirib.
Politoloq deyib ki, ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edir: “Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan da qəbul edir ki, Şuşa Azərbaycan şəhəridir və şəhərinin əhalinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarətdir. Məlumdur ki, işğal dövrünə qədər Şuşa şəhərində daim azərbaycanlılar yaşamışlar. Burada erməni əhalisi demək olar ki, yox idi. Hətta 1920-ci illərdə bizim torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanın əhalisinin əksəriyyəti azərbaycanlılar olmuşdur və işğal dövründə əhalinin 98 faizi azərbaycanlılar idi”.
Onun sözlərinə görə, bu gün Şuşanın işğaldan azad olunması ilə bağlı Ermənistan tərəfi yalan məlumatlar yayır, şanlı qələbəmizə ləkə salmağa çalışır: “Şuşa qəhrəman əsgər və zabitlərimiz tərəfindən çətin döyüş tapşırıqlarının yerinə yetirilməsindən sonra azad olunub. Şuşanın yerləşdiyi çətin çoğrafi şərait hərbi qulluqçularımızın işini bir qədər də çətinləşdirsə də, rəşadətli oğullarımız bütün vəzifələrin öhdəsindən layiqincə gəliblər.
Dövlət başçımızın çıxışında əsas tezislərindən biri də elmimiz və tədqiqatçılarımıza yönəlmişdi. Tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Sovet dövründə aparılmış tədqiqatlarda bir sıra hallarda saxta tarixlə üzləşmişik. Bu araşdırmalarda bizim qəhrəmanlarımız düşmən kimi göstərilir. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilir. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilir. Elm ictimaiyyətimiz və məlumatlı vətəndaşlarımız belə hallardan xəbərdardır. Bundan sonra da hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.
Hazırda Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar. Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradıldı”.
Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi prosesini bütün xalqımız diqqətlə izləyəcək deyən İ.Hüseynov sözlərinə belə davam edib: “Buna görə də, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz.
İSESCO-nun Baş katibi də belə bir təklif irəli sürüb ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin. Bu tarixi şəhərimizə türk dünyasında və bütövlükdə müsəlman dünyasında nə qədər böyük maraq, nə qədər böyük məhəbbətin olduğunun əyani təzahürüdür. Yaxın müddətdə Şuşamızda “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri bərpa ediləcək.
Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün Prezident İlham Əliyevin Sərəncamı ilə yol çəkilir, Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Müvafiq infrastruktur layihələrinin icra olunmasından sonra Şuşaya böyük turist axınının olması gözlənilir”.
Politoloq vurğulayıb ki, Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək əsas prioritet hesab olunur: “Müharibənin ilk günlərindən biz əmin idik ki, hədəfimiz Şuşadır. Dövlət başçımız 44 günlük müharibə dövründə müsahibəsi zamanı “Şuşasız qələbəmiz yarımçıq olacaq” deməsi xalqımızda böyük qələbəyə inamı daha da artırdı. Bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Şuşanın bərpası cənab Prezident İlham Əliyevin daim nəzarətimdə olacaq. Yaxın zamanlarda Şuşanın yenə də öz tarixi simasını bərpa edəcəyini səbirsizliklə gözləyirik”.

Əli Zülfüqaroğlu