“Ermənilər təsir dairəsi az olan başlıqlardan istifadə ediblər” Siyasət

“Ermənilər təsir dairəsi az olan başlıqlardan istifadə ediblər”

Şuşaya “İsgəndər-M” raketi atılıb. Əmin olun ki, atılan raket də partlayıb. Məsələ atılan “İsgəndər” raketi deyil, onun daşıdığı başlıqdır. Raketlərin daşıdığı başlıqdan asılı olaraq onun dağıdıcılıq qabiliyyəti də dəyişir.
Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov belə deyib.
Yaşar Aydəmirov bildirib ki, illərlə ermənilər bizi xüsusi silahlarının olması ilə təhdid edirdi: “2016-cı il hərbi paradında Ermənistan ordusunun həmin silahı nümayiş etdirdiyini gördük. Məlum oldu ki, Ermənistan ordusunda "İsgəndər" operativ-taktiki raket kompleksi var.
O ki qaldı Vətən müharibəsində istifadəsinə, “İsgəndər”in tətbiq edildiyini erməni rəsmiləri ilk dəfə özləri deyib. O cümlədən Ermənistan Baş naziri Nikol Paşinyan da etiraf etdi ki, “İsgəndər” kompleksindən istifadə etmişik. ANAMA-nın son məlumatlarından da görürük ki, Şuşaya “İsgəndər” raketləri atılıb.
Bu gün ən çox verilən suallardan biri Şuşaya atılan "İsgəndər" raketlərinin krateri ilə bağlıdır. Yəni niyə krater balaca, dağıdıcılıq azdır. Əslində bunun cavabı çox sadədir: “İsgəndər” raketlərinin müxtəlif növ başlıqları olur. Ermənistan ordusunda "İsgəndər" raketləri olsa da, çox güman ki, başlıqları yoxdur. Rusiya bu başlıqları heç vaxt Ermənistana verməz”.
Ehtiyatda olan general-leytenant onu da əlavə edib ki, "İsgəndər" raketlərinin müxtəlif modifikasiyaları mövcuddur:
“Şuşada tapılan İsgəndər-M raketi ilk modeldir. “İsgəndər” raketlərinin ümumi çəkisi 3.8 ton, yalnız döyüş başlığının çəkisi isə 480 kq-dır. ANAMA-nın aşkarladığı “İsgəndər-M” raketi – 9M723-ün qalıqlarından da görünür ki, sözügedən raketə aid başlıq yoxdur. Bunu ucluğun partlamaması da sübut edir. Diqqət etdinizsə, "İsgəndər" raketinin düşdüyü ərazidə dağıntı 9M723-ün başlığı üçün zəifdir. Ermənilərdə bu başlıqlar olmadığı üçün təsir dairəsi az olan başlıqlardan istifadə ediblər. Şuşada tapılan qalıqlar da bunun bariz sübutudur”.
General bildirib ki, "İsgəndər" raketlərinin radarlardan yayınma imkanları genişdir:
“İsgəndər” raketləri sabit bir trayektoriya ilə uçmur, hədəfə atılarkən trayektoriyasını çevik şəkildə dəyişib, beləcə radarlardan yayına bilir”.
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli isə Şuşaya “İskəndər-M” raketlərinin atıldığının təkzibolunmaz fakt olduğunu xatırladıb. Siyasi şərhçi deyib: “Raketləri Azərbaycan ərazisinə kim atıb, necə atıb və nə üçün atıb, bunu müəyyənləşdirmək lazım gələcək. Əvvəla qeyd edim ki, həm İrəvan, həm də Moskva Ermənistan ordusunun arsenalında “İskəndər-M” raketlərinin olmadığını dəfələrlə bəyan edib. Yəni ruslar ermənilərə, özlərinin dediyi kimi sözügedən raket sisteminin eksport variantını – “İskəndər-E” raketlərini hədiyyə ediblər. “İskəndər-M” raketləri isə Rusiyanın Gümrüdə yerləşən hərbi bazasında, bu ölkənin hərbi komandanlığının nəzarətində olub. Şuşada tapılan qalıqların “İskəndər-M” raketlərinə aid olduğunu və bugünədək verilən bəyanat və açıqlamaları nəzərə alsaq, o zaman belə anlaşılır ki, raketlər Azərbaycan ərazisinə Rusiyanın Ermənistandakı hərbi bazasından atılıb. Bu ehtimal üzərində dayansaq, o zaman Gümrüdəki bazadan Azərbaycan ərazisinə “İskəndər-M” raketlərinin atılmasının səbəblərini bir neçə aspektdən dəyərləndirmək olar:
1. “İskəndər-M” raketləri Şuşaya Rusiyanın siyasi və hərbi komandanlığının göztərişi ilə atılıb. Məqsəd isə Azərbaycan Ordusunun Xankəndi istiqamətində irəliləməsinin qarşısının alınmasından ibarət olub. Raketlərin dağıntı yaratmadığı nəzərə alınarsa, onların atılmasının sadəcə xəbərdarlıq xarakteri daşıdığını, bu baxımdan ya səmada partladıldığı, ya da təlim üçün nəzərdə tutulan başlıqlardan istifadə edildiyini söyləmək olar. ANAMA-nın təqdim etdiyi qalıqlardan belə anlaşılır ki, raketlər partlayıb. Amma necə partlayıbsa qalıqlarından başqa heç nə qalmayıb. Bir “İskəndər-M” raketinin dağıdıcı gücünün 15 min kv. metr olduğunu nəzərə alsaq, iki “İskəndər-M” raketi Şuşada daş üstə daş saxlamamalıydı. Qeyd edim ki, bu ehtimal, İkinci Qarabağ savaşında Rusiyanın neytrallığını təmin etmək üçün guya hansısa razılaşmanın olduğu versiyasını tamamilə sıradan çıxarır.
2. “İskəndər-M” raketləri Gümrüdəki bazadan Rusiyanın siyasi və hərbi rəhbərliyinin məlumatı olmadan, yaxud orada çalışan çoxsaylı erməni zabitlərin şəxsi təşəbbüsü ilə atılıb və düşünürəm ki, bu ehtimala, ancaq psixotrop maddələrin təsiri altında inanmaq olaq... Yox əgər "İskəndər-M"lərin qeyri-leqal alınması, onların Ermənistana qeyri-leqal yolla gətirilməsi ilə bağlı ehtimalın həqiqiliyinə insansaq, bu Rusiyadanın hərbi sənaye kompleksindəki vəziyyətin, hətta bu ölkənin dövlət təhlükəsizliyini də ciddi təhdid etdiyi reallığını ortaya qoyur ki, qənaətimə görə bu ilk növbədə rəsmi Moskvanı narahat etməlidir. “İskəndər-M” raketlərinin Şuşaya atılması faktlarının indi ortaya çıxmasını, Ermənistanda keçiriləcək seçkilərlə əlaqələndirilməsini isə siyasi fantaziya kimi dəyərləndirirəm. Çünki faktla bağlı ortaqlıqda olan bütün ehtimallar Rusiyanın, Rusiya müdafiə sənayesinin və ordusunun nüfuzuna çox böyük zərbədir. Həmçinin Rusiya siyasətinin əsas sütünunu – rus silahı haqqında təsəvvürləri tamamilə darmadağın edir ki, Kremlin Ermənistanda keçiriləcək seçkilərə görə, öz nüfuzuna bu qədər ağır zərbə vura biləcəyi inandırıcı görünmür. Bütün hallarda, “İskəndər-M” raketləri ilə bağlı yaranmış vəziyyətin əsas məsuliyyəti Rusiyanın üzərinə düşür və Azərbaycan tərəfinin təqdim etdiyi faktlarla bağlı obyektiv araşdırmalar aparılarsa, bu, ilk növbədə Rusiyanın özü üçün faydalı ola bilər. Bütün hallarda, yaxın 1 ay ərzində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlərin yerinə yetirilməsi ilə bağlı prosesin inkişafı, bir çox məqamlara, o cümlədən “İskəndər-M” raketləri ilə bağlı məsələnin də dolayısıyla gün işığına çıxmasına imkan yaradacaq”.