"Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verəcək" Siyasət

"Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verəcək"

44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğalda olan torpaqlarımızı azadetmə əməliyyatları nəticəsində böyük itkilərlə üzləşən Ermənistan çıxış yolunu müharibə zonasından uzaq bölgələri, mülki və strateji obyektləri, dinc əhalini, qadınları uşaqları hədəfə almaqda görüb. Bununla da faktiki olaraq sülh və insanlıq əleyhinə cinayətlər törədib.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib. Onun fikrincə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir: "Erməni işğalçıları həmişə təxribata əl atırlar. Xocalı soyqırımını törədən cəlladlar bu dəfə hərbi əməliyyatların getdiyi ərazilərdən çox uzaq olan Gəncə, Mingəçevir, Xızı, Siyəzən rayonlarını raket atəşinə tutub. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı beynəlxalq hüquqla qadağan edilmiş silahlardan istifadə etməsi ilk hal deyil. IV Cenevrə Konvensiyasına görə, mülki əhaliyə qarşı “Elbrus” (SKAD) qanadlı raketinin istifadəsi hərbi cinayətdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir. Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verəcək".

Xatırladaq ki, Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, habelə bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub. Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, silahlı qarşıdurma zamanı 98 mülki şəxs öldürülüb və 414 nəfər yaralanıb, 3000-dən çox ev və 100 yaşayış binası dağıdılıb və ya zərər görüb.
Cavid