Azərbaycan işğala son qoymaqla regionda sülhün təminatçısına çevrilib - Deputat Siyasət

Azərbaycan işğala son qoymaqla regionda sülhün təminatçısına çevrilib - Deputat

Azərbaycan işğala son qoymaqla regionda dayanıqlı sülh və təhlükəsizliyin təminatçısına çevrilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında iştirakı və çıxışı ölkəmizin beynəlxalaq aləmdə nüfuzunun göstəricisi kimi diqət çəkir:

“Digər tərəfdən, bu tədbirdə dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlər bəşəriyyətin bəlasına çevrilən COVID-19 virusunun iqtisadi, sosial və siyasi təsirlərinin azaldılmasında Azərbaycanın səmərəli fəaliyyəti barədə dünya ictimaiyyətində dolğun təsəvvür yaradır. Nəhayət, 30 ilə yaxın bir dövr ərzində ölkəmizin erməni faşizminin işğalçı siyasətinə məruz qalması, haqq-ədalərdən, demokratiyadan, insan azadlığından dəm vuran super güclərin belə bir vəziyyətə biganə münasibət bəsləməsi, hətta bir çox hallarda qəsbkarın müdafiəsinə qalxması, BMT kimi qlobal təşkilatın müvafiq qətnamalərinin icra olunmaması müəyyən qüvvələrin xarici siyasətində ikili standartların önə çəkilməsindən xəbər verir”.

Deputat yuxarıdakı fikirlərinin təsdiqi olaraq konkret faktları diqqətə yönəldərək, COVID-19 virusuna qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən olan Azərbaycanın təşəbbüsü ilə ötən ilin aprelində Türk Şurasının, mayında Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, dekabr ayında isə BMT Baş Məclisinin Dövlət və Hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirildiyini xatırladıb. Həmçinin Azərbaycanın COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk dövlətlər sırasında yer aldığını, bununla da ölkəmizin dünya miqyaslı təhlükənin dəf olunması istiqamətində yeritdiyi mübarizənin humanizm mahiyyəti daşıdığını bildirib.

R.Mahmudov vurğulayıb ki, son bir il ərzində Azərbaycanın Dünya Səhiyyə Təşkilatına könüllü ianələr, eləcə də koronavirusla mübarizə üçün 30-dan çox ölkəyə birbaşa humanitar və maliyyə yardımı göstərməsi, ən başlıcası “vaksin millətçiliyinə” qarşı cəsarətli mübarizə aparması, peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləməsi dövlət siyasətimizdə insan haqlarının müdafiəsinin prioritet istiqamət təşkil etdiyindən xəbər verir. Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesusun cənab İlham Əliyevin BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışlayaraq, dövlətimizin başçısının mövqeyini tam dəstəkləməsi də bunun bariz ifadəsidir.

R.Mahmudov əlavə edib ki, Prezident İlham Əliyevin sözügedən sessiyadakı çıxışında iştirakçılara Azərbaycanın bölgədə apardığı konstruktiv siyasət, habelə respublikamızda, eləcə də işğaldan azad edilən ərazilərimizdə reallaşdırılan bərpa-quruculuq işləri haqqında geniş məlumat verməsi də təsadüfi deyildi: “Çünki hələ də erməni diasporu, onun havadarları beynəlxalq ictimaiyyətə səhv, həqiqətdən uzaq informasiyalar ötürür, Azərbaycana qarşı yönələn təhdid və təzyiqlərin miqyasının genişləndirilməsi üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Asiya və Sakit Okean hövzəsi ölkələrinin əhatə etdiyi bu platformanın geniş dairəyə malik olduğunu nəzərə alsaq, o zaman dövlətimizin başçısın sözügedən sessiyadakı çıxışının necə mühüm önəm daşıması haqqında aydın təsəvvür yaranar”.

Deputat Prezident İlham Əliyevin sessiya iştirakçılarına Ermənistanın 30 ilə yaxın bir müddətdə faşizm xislətini nümayiş etdirdiyini, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını, bir milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin saldığını, 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirdiyini xatırladaraq, düşmənin havadarlarının yürütdüyü ikili standartlardan yararlanaraq, BMT Təhlükəsizlik Şurasının, habelə digər beynəlxalq qurumların qətnamələrinə əhəmiyyət verilməməsinə diqqət çəkib, qəsbkarın barbar və vandal əməllərinə qarşı heç bir tədbir görülülməməsini, sanksiyalar tətbiq edilməməsini təəssüflə vurğulayıb:

“Təbii ki, belə bir ədalətsiz mühitdə, Ermənistanın ardıcıl təxribatları şəraitində Azərbaycanın səbri tükənməliydi. Belə bir vaxt ötən il sentyabrın 27-də yetişdi: Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq ölkəmizə qarşı irimiqyaslı hərbi təcavüzə başladı və Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatı keçirmək məcburiyyətində qaldı. Dövlətimizin başçısının sessiyadakı çıxışında vurğulandığı kimi, qırx dörd gün çəkən Vətən müharibəsində ordumuz Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğratdı və beləliklə, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini reallaşdırdı, tarixi ədaləti-ərazi bütövlüyünü bərpa etdi”.

R.Mahmudovun sözlərinə görə, İkinci Qarabağ müharibəsində ölkəmizin parlaq qələbəsi bölgədə yeni reallıq yaradıb: “Prezident sessiyadakı çıxışında da bu barədə ətraflı bəhs edib. Dövlət başçısı bildirib ki, Azərbaycan işğala son qoymaqla regionda dayanıqlı sülh və təhlükəsizliyin qarantına çevrilib, eyni zamanda, ərazimizdən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” layihəsinin icrasına başlayıb”.