Elməddin Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib Siyasət

Elməddin Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib

Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

Bu barədə E. Quliyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

E. Quliyev bildirib ki, artıq 5 ildən çox çalışdığı Dövlət Statistika Komitəsindəki işindən ayrılıb: “Ötən müddət ərzində dövlət qulluğunda üzərimə düşən vəzifə və öhdəlikləri bacardığım qədər əzmlə yerinə yetirməyə çalışdım. Ən böyük qazancım isə zəngin təcrübə və peşəkarlarla iş oldu. Dövlət Statistika Komitəsinin bütün strukturlarında çalışan dostlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Qeyd edim ki, fəaliyyətimi bundan sonra hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam etdirəcəyəm. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, regionun ən böyük təşkilatı olan hakim partiyada fəaliyyətə başlamaq sözsüz ki, mənim üçün böyük bir şərəfdir. Praqmatik Lider, qalib sərkərdə kimi dünyada böyük nüfuza malik olan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkənin alternativsiz təşkilatı olan bir siyasi partiyada çalışmaq, eyni zamanda, üzərimə böyük bir məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edərək əminliklə bildirirəm ki, çalışdığım bütün qurumlarda olduğu kimi, Yeni Azərbaycan Partiyasında da fəaliyyətimi var gücümlə davam etdirməyə və mənə göstərilən böyük etimadı doğrultmağa çalışacağam. Dəyərli həmkarlarımla qurulacaq yeni əməkdaşlıqdan fərəh hissi keçirirdiyimi bildirirəm".

Qeyd edək ki, Elməddin Məhəmməd oğlu Quliyev 1984-cü il oktyabrın 25-də Qubadlı rayonunda doğulub. Sumqayıt şəhər 16 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində “Mətbuat tarixi” istiqaməti üzrə magistr, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Tarixşunaslıq, mənbəşunaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə doktorantura təhsili alıb. 2003-2005-ci illərdə “Jurnalist” qəzetində müxbir işləyib. 2005-2006-cı illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) könüllü əməkdaşı kimi fəaliyyət göstərib. 2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçdikdən sonra Azərbaycan Televiziya və Radio Verlişləri QSC-nin (AzTV) İnformasiya Proqramları Baş Redaksiyasında müxbir vəzifəsində fəaliyyətə başlayıb. Rəsmi dövlət tədbirlərində, regional səfərlərdə, ölkəmizdə keçirilən bütün seçkilər və referendumda, yerli və beynəlxalq konfrans, forumlarda AZTV-ni təmsil edib (2008-2016). 2016-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri - mətbuat katibi vəzifəsində çalışıb. 3 may 2021-ci il tarixindən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, İctimaiyyətlə əlaqələr şöbəsi YAP-ın Mərkəzi Aparatında aparılan struktur dəyişiklikləri nəticəsində yeni yaradılıb.

Xatırladaq ki, Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar YAP mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.