“Makron Sorosun layihəsini - Paşinyan Ermənistanını qorumaqda da aciz qaldı” Siyasət

“Makron Sorosun layihəsini - Paşinyan Ermənistanını qorumaqda da aciz qaldı”

Turab Rzayev: “Adi bank məmurluğundan yüksələn Makron siyasi əjdahaların meydanında təcrübəsiz uşaq kimi görünür”

“Hələ 2017-ci ildə Corc Soros Avropa İttifaqı Brüssel İqtisadi Forumunda demişdi ki, onun bütün ümidləri ancaq Emanuel Makronadir. Soros onun Avropanı Putin, Ərdoğan, Sisi və Trampdan qorumağını istəyirdi”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında analitik Turab Rzayev deyib: “Hələ onda mən yazmışdım ki, əvvəlcədən götürməli olduğu yükü desəydilər, bəlkə heç Emmanuel özü də namizəd olmazdı. Çünki adi bank məmurluğundan yüksələn Makron bu siyasi əjdahaların meydanında təcrübəsiz uşaq kimi görünürdü. Soros deyirdi:
"Xaricdən Avropa İttifaqı düşmən güclərlə əhatə olunub. Putinin Rusiyası, Ərdoğanın Türkiyəsi, Sisinin Misiri, Trampın yaratmaq istədiyi, amma bacarmadığı Amerika. Ancaq görünür ki, Makron nəinki Avropanı birləşdirə və qoruya bilmədi, eyni vaxtda Sorosun da bir layihəsini - Paşinyan Ermənistanını qorumaqda aciz qaldı. Paşinyanın gözü yaşlı yalvarışlarına ancaq təsəlli və Facebook şərhləri iklə dəstək ola bildi”.
Onun sözlərinə görə, Fransada faktiki olaraq hərbi çevriliş öncəsi proses yaşanır: “Prezident Emmanuel Makronun ard-arda etdiyi səhvlər, apardığı yanlış siyasət rəsmi Parisin dünyada və regionda zəifləməsinə, öz təsirini itirməsinə səbəb olub. Bunu görən, başa düşən ehtiyatda olan və hazırda orduda xidmət edək əksər yüksək rütbəli zabitlər Makronun hakimiyyətdən getməsini tələb edir.
Fransa ordusu bir vaxtlar Türkiyədə olduğu kimi, özünəməxsus şəkildə sərbəstliyə malikdir. Fransada hazırda ordu ilə hakimiyyətin açıq qarşıdurması yaşanır. Orduda xidmət edən admirallar, ordu generalları, yüksək rütbəli zabitlər ilə birlikdə ehtiyatda olan hərbiçilər də mövcud vəziyyətdən ciddi şəkildə narazıdır. Təsadüfü deyil ki, Fransa Silahlı Qüvvələrinin Qərargah rəisi general François Lecointrenin timsalında artıq biz ordunun hakimiyyətdən narazılığını bariz şəkildə görürük. Bunu həm də hərbi çevriliş öncəsi ultimatum kimi qiymətləndirmək olar.
Generallar düşünür ki, Makron hakimiyyəti Fransa üçün uğursuzdur və prezident ölkə üçün kifayət qədər problemlər yaradıb. Xüsusilə islamofobiya, irqçilik kimi daxili problemlər Afrikada, Yaxın Şərqdə aparılan uğursuz hərbi əməliyyatlar, xarici siyasətdə atılan yanlış addımlar Fransanın həm nüfuzunu, həm də təsir imkanlarını azaldıb. Real yanaşdıqda bu gün hansısa bir siyasi proses baş verdikdə ilk ağla gələn ABŞ, Rusiya, Böyük Britaniya, İsrail, Türkiyə kimi güclərdir. Fransanın adı bu dövlətlərlə birlikdə çəkilmir. Digər tərəfdən, Avropanın özündə də Fransa günü-gündən Almaniya qarşısında güc itirir”.
Politoloqun sözlərinə görə, Makronun ən böyük dəstəkçisi və müəllimi olan Jak Attali belə artıq ondan üz döndərib: “Makronun ən böyük dəstəkçisini itirməsi onun qarşıdan gələn prezident seçkilərində şansını ciddi ölçüdə azaldacaq. Ehtimal ki, ordu da onun hakimiyyət müddətinin bitməsini gözləyir. Makron əgər yenidən prezident seçilsə, ordunun hərbi çevriliş etməsi mümkündür”.

Əli Zülfüqaroğlu