“Azərbaycan-Çin əməkdaşlığının dərinləşdirməsi geosiyasi zərurətdir” Siyasət

“Azərbaycan-Çin əməkdaşlığının dərinləşdirməsi geosiyasi zərurətdir”

İlyas Hüseynov: “Ölkələrimiz arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlıq mövcuddur”

Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti zamanı bir sıra önəmli məsələlərə toxunulub. Qeyd edək ki, dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəyə görə ÇXR sədrinə təşəkkürünü bildirib: “Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyev Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edib və Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb. Söhbət əsnasında Prezident İlham Əliyev Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini Si Cinpinə çatdırıb.
Vətən müharibəsindən sonra ölkəmizə beynəlxaq miqyasda diqqətlər artmışdır. Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. Çin bütün dünyada məşhur “Bir kəmər bir yol” konsepsiyası üzərində fəaliyyəti davam etdirir. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.
Eyni zamanda qeyd edək ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaq. Hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsi və mövcud imkanların dəyərləndirilməsimühüm əhəmiyyət kəsb edir. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsi, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsi geosiyasi zərurətdir”.
Onun fikrincə, Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da artıra və infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirmə bilər: “Eyni zamanda, Çin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək üçün Azərbaycanın potensialından da yararlana bilər. Hər iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səyləri birləşdirmək zərurəti yaranıb.
Digər mühüm amil də bundan ibarətdir ki, dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilində Çin Xalq Respublikasına müvəffəqiyyətlər arzulayıb.
Digər tərəfdən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib, söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Bildiyiniz kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, hər iki tərəf bu sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın əsas nəticəsi kimi Cənub Qaz Dəhlizi layihəsinin başa çatmasını qeyd edə bilərik.
Bununla yanaşı, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunub. Avropa İttifaqı da hər zaman Cənubi Qafqazda sülüh, sabitliyin və təhlükəsizliyin qorunması mövqeyindən çıxış edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirib. Şarl Mişel tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırması da bunu göstərir ki, Avropa İttifaqı regionda Ermənistanın təxribatları nəticəsindən yaranmış gərginliyin aradan qaldırımasında maraqlıdır.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd edib, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırsa da, hər iki tərəf Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmalıdır. Həmçinin qeyd edək ki, rəsmi Bakı Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir və bu xüsusda ikitərəfli münasibətlərin daha da dərinləşməsi, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin yaradılmasının tərəfdarı kimi çıxış edir”.

Əli Zülfüqaroğlu