ABŞ rəsmisi Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırdı Siyasət

ABŞ rəsmisi Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırdı

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Rikerin Azərbaycana səfəri zamanı müzakirə olunan əsas mövzu Ermənistanın mina xəritələrini təqdim etməməsi olub.
ABŞ rəsmisi Kəlbəcərdə mina partlaması nəticəsində iki azərbaycanlı jurnalistin həlak olmasını şərh edərkən baş vermiş hadisəni faciə adlandırıb və "bütün mina sahələrinin xəritələrinin verilməsinin" vacibliyini vurğulayıb.
"Biz ərazilərin minalardan təmizlənməsi prosesində texniki yardım təqdim edə bilərik", - deyə Riker azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Rəsmi Bakı İrəvanın Qarabağda mina xəritələrini təqdim etməməklə bağlı ikinci dəfə insan haqları üzrə Avropa Məhkəməsinə müraciət edib. Rusiya XİN başçısı Sergey Lavrov isə bəyan edib ki, Rusiya minaların təmizlənməsi, Qarabağ üzrə digər humanitar məsələlərin tezliklə həllinə ümid edir.
Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına toxunan Riker bu prosesin çox vacib olduğunu bildirib.
"Demarkasiya hamıya fayda gətirəcək. Bu prosesin başladılması üçün siyasi iradə lazımdır. Biz hamımız vəziyyətin gərginləşməsi ehtimalından narahat olmalıyıq. Hər iki tərəfi bu məsələni sülh yolu ilə və ən qısa zamanda həll etməyə, həmçinin ATƏT-in Minsk qrupunun sədrliyi ilə substantiv danışıqlara qayıtmağa çağırırıq", - deyə Riker bildirib.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla iyunun 9-da görüşən Filip Riker Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirib, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin bu yaxınlarda iki jurnalist və bir rəsmi şəxsin mina partlayışı nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar təəssüf hissini ifadə edib. Filip Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk Qrupunun həmsədri qismində səylərə istinad edib.
Öz növbəsində Ceyhun Bayramov münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, üçtərəfli bəyanatın icrası ilə əlaqədar tərəfimizdən atılmış addımlar, habelə Ermənistanın məsuliyyətsiz davranışı, mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrupu göndərməsi və s. barədə qarşı tərəfə məlumat verib.
Bayramov Azərbaycanla ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin strateji xarakterini vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.
ABŞ rəsmisi Filip Riker Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu qeyd edib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb. O, Azərbaycan Respublikası Prezidenti ilə telefon danışığına məmnunluqla istinad edib. Filip Riker ABŞ-ın regional maraqlarını və bölgədə mövcud çağırışların cavablandırılmasına yardımçı olmaq istəyini ifadə edib.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.